...

Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir - Millət vəkili

Siyasət Materials 10 Noyabr 2020 14:45 (UTC +04:00)
Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir - Millət vəkili

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir. Bu fikirləri millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur.

Millət vəkili deyib ki, digər tərəfdən, bölgəyə Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülməramlıları da gələcək. Bu isə o deməkdir ki, Qarabağda Türkiyə də sülhün qarantı olacaq.

İqtisadçı millət vəkilinin sözlərinə görə, Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyur. 7 rayonun bərpa edilməsi və məcburi köçkünlərimizin Dağlıq Qarabağ daxil olmaqla öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə həyatın yenidən dirçəlməsi deməkdir. Bu, ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımdan da vacibdir. Eyni zamanda, münaqişənin həll edilməsi regiona daha çox sərmayələrin cəlb edilməsinə də imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti