...

Qələbəmizin səbəbi Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətdir - Deputat

Siyasət Materials 18 Dekabr 2020 14:22 (UTC +04:00)
Qələbəmizin səbəbi Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətdir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanın bütün sahələrdə, istiqamətlərdə qazandığı uğurların, qələbələrin səbəbi cənab Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətdir. O siyasət ki, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, özündə xalqın və dövlətin maraqlarını əks etdirir, işıqlı gələcəyə, perspektivə hesablanıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev müstəqil siyasət yürüdür və bu gün Azərbaycanın dünya miqyasında qürur duyulacaq adı, nüfuzu məhz həmin müstəqil siyasətlə bağlıdır:

“Mövqeyimiz güclü olduğu üçün hər kəs bizimlə hesablaşır. Bəzənsə hesablaşmağa məcbur olur. Biz bunu müharibə dövründə də gördük və hiss etdik. Daha dəqiqi, həmin haqqında danışdığım müstəqil siyasət və liderimiz tərəfindən sərgilənən qətiyyət 44 günlük Vətən Müharibəsi dövründə də bizim köməyimizə çatdı. Cənab İlham Əliyevin atdığı düzgün addımlar, düzgün zamanlama, düzgün strategiya bizi zəfərə apardı, bizi qalib etdi.

Halbuki, həmin vaxt kənardan nə qədər təsirlər və təzyiqlər vardı. Bunu cənab Prezident teleməkandakı çıxışlarında da, xalqa müraciətlərində də dəfələrlə qeyd etmişdi. Ali Baş Komandan deyirdi ki, ordumuzun zəfər yürüşünü əngəlləmək üçün bir çox xarici qüvvələr əl-ayağa düşüblər. Fəqət, həmin qüvvələr Ali Baş Komandana təsir edə, onu fikrindən döndərə, bizim zəfər yürüşümüzə mane ola bildilərmi? Xeyr! İlham Əliyev sona qədər getdi. İlham Əliyev dayanmadı. İlham Əliyev Azərbaycanın mövqeyini hər zaman olduğu kimi yenə də qətiyyətlə müdafiə etdi. İlham Əliyev Qarabağı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, yeni bir tarix yazdı. Zəfər tarixi. Qürur tarixi. Şanlı tarix!”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun gücü sayəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu: “Çünki başqa variantları yox idi. Çünki Azərbaycanın dəmir yumruğu düşmənin başını artıq əzmişdi və əzməyə davam edirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti