Bakı. Trend:
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır, əbədidir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Müharibə zamanı bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi, bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır, əbədidir və bütün günlərdə - xoş günlərdə, ağır günlərdə biz bir-birimizin yanındayıq. Eyni zamanda, dünyanın digər bölgələrində Türkiyənin gücünün artması, xüsusilə 2020-ci ildə Türkiyənin bir çox məsələlərdə söz sahibinə çevrilməsi bizi haqlı olaraq sevindirir. Dəfələrlə demişəm, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük. Əminəm ki, gələn il də nəzərdə tutulmuş bütün planlar icra ediləcək.
Bizim üçün bu il xüsusi əhəmiyyət daşıyır, böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq. Uzun illərin işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları işğal edilmiş torpaqlardan qovdu və ədaləti, tarixi ədaləti, haqq-ədaləti, beynəlxalq hüququ bərpa etdi".