...

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır - Tamam Cəfərova

Siyasət Materials 9 Yanvar 2021 14:01 (UTC +04:00)

Bakı. Trend:

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.

Bu fikirlərin Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində söylədiyini bildirən millət vəkili Tamam Cəfərova qeyd etdi ki, cənab Prezident 2020-ci ilin yekunları ilə yanaşı, həm də ölkə həyatının yeni postkonflikt mərhələsində bütün sahələrdə inkişaf siyasətinin əsas strateji hədəfləri ortaya qoydu və onun həyata keçirilməsi istiqamətlərini göstərdi. Müşvirədə Azərbaycan Prezidenti bir sıra vacib məsələlərə toxunub və həm də dövlət başçısı çox ciddi mesajlar verib.

Prezidentin çıxışını saytımıza açıqlayan deputat bildirdi ki, Dövlətimizin Başçısı giriş nitqində 2020-ci ilin və son 30 ilin əsas yekunu kimi torpaqlarımızın işğaldan azad olunmasını qeyd edib. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyevin sözləri ilə desək, “ şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.

Cənab Prezidentin çıxışı göstərdi ki, Onun hər zaman çıxışlarında və müsahibələrində xüsusi olaraq vurğuladığı fikirlər, verdiyi vədlər reallığa çevrilib: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq”. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq, cənab Prezident öz vədini yerinə yetirdi, bu möhtəşəm qələbənin qorunub saxlanılması və siyasi yollarla möhkəmləndirilməsinin zəruriliyini önə çəkdi, deyə Tamam Cəfərova vurğuladı.
Dövlət başçısı, müharibə ərzində olduğu kimi, bundan sonra da bizim üçün problemlər yaradılmasına cəhd edilə biləcək çox vacib bir məqama bir daha toxunaraq açıqca xatırlatdı ki,”dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük,bəzi ölkələr bunu gizlədə bilmirdilər.Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. ”Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır” deyən Prezident İlham Əliyevin sülhməramlılara və İrəvana mesajı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qələbəsi-təkcə Ermənistan üzərində deyil, həm də onun havadarları üzərində tarixi qələbə olduğundan,aydın məsələdir ki, bu fakt onlar tərəfindən heç də asanlıqla həzm olunmayacaq. Prezidentin sözügedən məsələyə münasibətinə qüvvət olaraq bildirək ki,nail olduğumuz bu möhtəşəm birliyimizi bundan sonra da qoruyub saxlamaqla, “dəmir yumruğun” gücü ilə müharibə dövüründə Ermənistanı dəstəkləyən və bundan sora da dəstəkləməkdə davam edən və edəcək həmin dövlətlərin istənilən məkrli planlarını poza, açıq və gizli cəhdlərinin nəticələrini sıfıra endirə biləcəyik. Prezident bildirdi ki, “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur.” Siyasi mənsubiyyətindən asılı olmayaraq hamı bu məsələni gələcək üçün əsas istiqamətə çevirməlidir Bir də bu müşavirədə mesaj göndərildiyi kimi, Azərbaycana düşmən kəsilmiş həmin dövlətlərin, qurumların və qüvvələrin layiqli cavabları bütün istiqamətlərdə layiqincə verilməlidir ki, həddlərini aşmasınlar.
Millət vəkili qeyd etdi ki, 2020-ci ildə baş vermiş hadisələr haqqında danışan cənab Prezident 2020-ci ilin fevral ayında ölkəmizdə keçirilən parlament seçkilərinə də toxundu və bildirdi ki, parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bunu yeni siyasi mədəniyyətin təzahürü kimi qiymətləndirən cənab Prezident bunun, həmçinin bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım olduğunu da vurğuladı: “ Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır”.
Dövlət Başçımız çıxışında 2020-ci ildə partiyaların böyük əksəriyyətinin iqtidarın təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşulmalarını da yüksək qiymətləndirdi və bildirdi ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir və siyasi dialoqda iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Təəssüf ki, antimilli qüvvələr öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.
Deputat bildirdi ki, çıxışda 2020-ci ilin iqtisadi yekunlarına xüsusi yer verilib. Qeyd olunur ki, COVID-19 infeksiyasının gətirdiyi qlobal iqtisadi və siyasi çətinliklər fonunda bu gün dünya ölkələri üçün 2020-ci il son dərəcə ağır il kimi yadda qalsa da, Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən də daha az itkilərlə çıxmağa müvəffəq oldu. Belə ki, Azərbaycan iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalmışdır ki, bu da dünya dövlətləri ilə müqayisədə olduqca yaxşı göstəricidir. Daha öncəki illərdə ölkə başçımız qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi ki, qeyri-neft sənayemiz bu il 11 faizdən çox artmışdır. Bu da təbii ki, şaxələndirmə hesabına və sənayeləşmə siyasətinin düzgün aparılması nəticəsində mümkün olmuşdur. Kənd təsərrüfatının 2 faizdən çox artırılması hədəf kimi müəyyənləşdirilmişdir ki, bu da azad edilmiş torpaqlarda payızlıq əkinin aparılması ilə mümkün olacaq. Həm koronavirusla mübarizəyə yönəldilən milyardlarla manat, həm müharibə xərcləri, həm də müavinətlər, sosial paket kimi digər xərclərə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarını qorumağa müvəffəq oldu. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artmışdır.
Digər mühüm, tarixi nailiyyət isə enerji sektorunda əldə edilmişdir. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) də artıq tamamlanmışdır. Beləliklə, Azərbaycan dünya bazarında böyük qaz ixracatçısına çevrildi. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail oldu. Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Təbii ki, bu məqam da ölkəmizə həm iqtisadi, həm siyasi dividendlər qazandıracaq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməlidir. Biznes iqlimi, investisiya iqlimi, bütün həyata keçirilən islahatların nəticəsi Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə olması ilə öz əksini tapır. Bundan əlavə, əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Eyni zamanda, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə ölkəmiz 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur. Bunlara isə asanlıqla nail olunmayıb. Baxmayaraq ki, torpaqlarımız işğal altında idi, köçkünlərimiz var idi, Azərbaycan bu uğurları əldə etməyə nail oldu. Bundan sonra isə böyük inkişaf proseslərinə start veriləcək, işlər daha da fəal, daha da məqsədyönlü xarakter alacaq ki, bu da öz növbəsində ölkəmizin inkişaf dinamikasını artıracaq. Təbii ki, bərpa işlərinə beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanılacaq. Bundan sonrakı mərhələlərdə köçkünlərin arasında sorğular keçirilib, onların öz dədə-baba torpaqlarına getmək fikirləri barədə niyyətləri öyrəniləcək ki, real vəziyyət bilinsin. Onların cavablarına müvafiq olaraq bərpa işləri də həyata keçiriləcək. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər isə şəhid ailələrinə veriləcək.
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ötən il ərzində ölkəmizin hərtərəfli inkişafı təfsilatı ilə dilə gətirildi, görüləcək işlər haqqında detallı məlumat verildi.
Prezident bu müşavirədə işğaldan azad edilmiş ərazilərin bərpasının konseptual əsaslarının əsas konturlarını ortaya qoydu və bildirdi ki,”bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır... Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar. Ona görə bu məsələ ilə bağlı və digər məsələlərlə bağlı qaydalar, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir.
2021-ci ilin büdcəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması yol, işıq,su, qaz, rabitə və digər zəruri infrastrukturların,eləcə də təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, yaşayış evlərinin tikintisi və mədəni-tarixi abidələrin bərpası və s. bu kimi məsələrin həllinə ilkin olaraq 2,2 milyard manat vəsait nəzərdə tutulub. Büdcə xərcləmələrində, xüsusən də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadədə şəffaflığın, nəzarətin və hesabatlılığın gücləndirilməsi, nəticəliliyin artırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 2,2 milyardlıq vəsaitin multiplikativ effektini artırmaqdan ötrü dövlət-cəmiyyət-özəl sektorun fəaliyyətinin effektiv kombinasıyasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Yəni işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir. Həmin işlər yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına maksimum şərait yaradılmalıdır. Bu iş yüksək keyfiyyətlə həyata keçirilsə, özəl sektor, həm yerli həm də xarici investorlar Qarabağa yetərincə sərmayə qoymaya başlayacaq və həmin vəsaitin məbləği dövlət sərmayələri ilə məhdudlaşmayıb 2,2 milyard manatdan çox olacaq. Bu həm də ”Qarabağ Dirçəliş Fondu”na da müxtəlif kanallardan gözlənilən daxilolmalarn həcminə müsbt təsir göstərən amillərdən olacaq.

“Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”. Bu sözləri cənab Prezident müşavirədə yekun nitqində sözləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti