...

Rusiya və Qərb ölkələrində milli-irqi seçkilik, dözümsüzlük baş alıb getməkdədir - Deputat

Siyasət Materials 11 İyun 2021 13:09 (UTC +04:00)
Rusiya və Qərb ölkələrində milli-irqi seçkilik, dözümsüzlük baş alıb getməkdədir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Rusiya hüquq mühafizə orqanlarında insanları milli mənsubiyyətinə görə təqibetmə, aşağılama halları çoxalıb. Hətta müsəlmanlara ikinci dərəcəli şəxslər kimi baxmağa başlayıblar. Problem ondadır ki, bu ölkənin mediası da belə məsələlərə haqq qazandırır və təbliğ edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Novosibirskdə Vəkil Abdullayevin başına güllə vuran polis əməkdaşının həbsdən buraxılması, azərbaycanlıların isə həbsdə saxlanması Rusiyada baş qaldırmış ayrı-seçkiliyin göstəricisidir:

“Polis əməkdaşının silahsız mülkü şəxsə qarşı zor və silah işlətməsinin özü cinayətdir. Bu hadisə azərbaycanlılara qarşı ünvanlanmış məsələ olduğunu düşünürəm. Hesab edirəm ki, məsələyə Rusiya rəhbərliyi müdaxilə etməli, obyektiv araşdırmaya tapşırıq verməli və cinayətkar polis əməkdaşı haqqında qanuna müvafiq göstəriş olmalıdır.

Korrupsiya halları, insan haqlarının pozulması, milli-irqi seçkilik, dözümsüzlük Qərb ölkələrində baş alıb getməkdədir. Qərb ölkələrində müsəlman miqrantlara qarşı çağırışlar edilməsi, faşizm meyllərinin artması və müsəlman məscidlərinin təhqir edilməsi halları çoxalmaqdadır. O cümlədən aksiya keçirən insanlara qarşı zor işlədilməsi, döyülməsi və təhqir edilməsi halları Qərb ölkələrində adiləşib. Belə olan halda özlərində olmayanı Azərbaycandan tələb etmələri də çox maraqlı görünür.

Təbii ki, bunun Azərbaycanın güclənməsi, qalib olması, öz ərazi bütövlüyünün təmin edilməsi ilə birbaşa bağlı olduğunu hesab edirəm. Bunlar müxtəlif üsullarla Azərbaycana qarşı təzyiq göstərməyə və ölkəmizdəki sabitliyi pozmağa çalışırlar. Amma düşünmürlər ki, belə ucuz kampaniyalarla ölkəmizdə siyasi sabitliyi pozmaq, milli birliyə kölgə salmaq mümkün deyil”.

A.Badamov qeyd edib ki, Azərbaycan son 17 ildə böyük inkişaf yolu keçib: “Bu inkişaf təkcə iqtisadiyyatla bağlı deyil. Bu, həm də ölkəmizdə təmin olunan insan hüquqları, korrupsiyaya qarşı mübarizənin güclənməsi, tolerant və multikultural cəmiyyətin inkişafını da özündə əks etdirir. Biz artıq bəzi Qərb ölkələrinin ədalətsiz münasibətinə öyrəşmişik və onlara da ədalətli olduğumuzu sübut edərək fakt qarşısında qoyuruq. Biz bu ədalətsiz dünyada özümüzün ədalətli olduğumuzu və haqqımızın heç kimə tapdalanmağına imkan verməyəcəyimizi sübut etmişik və bundan sonra da davam edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti