Bakı. Trend:
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanı idi. Onlar şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq. Yarımçıq qalmış işi tamamladılar, qisası qiyamətə saxlamadılar. Gələcək nəsillərə vətənpərvərlik dərsi keçdilər, Vətənin nə olduğunu anlatdılar, dəmir yumruğa dönməyin zəruriliyini aşıladılar, gücün birlikdə olduğunu sübut etdilər. Vətən müharibəsinin digər qəhrəmanları onları böyüdən valideynlərdir ki, heç bir tərəddüd etmədən övladlarını Vətən üçün qürurla yola saldılar, buna bütün dünya şahidlik etdi, qalib kimi də qarşıladılar. Şəhid ata və analarının övladlarının tabutunu “Vətən sağ olsun” şüarı ilə qarşılaması tarixi yaddaşımızın ləyaqətli davamı idi ki, onlar bunu şərəflə yerinə yetirdilər. İnsan üçün ən ağır dərdi, övlad itkisinin, böyük ayrılığın ürəkləri göynədən kədərini Vətən sevgisinə qurban verdilər. Budur bizim xalqın müdrikliyi və şərəfi.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri bildirib ki, erməni vəhşiliyinin daha bir nümunəsi də Cəbrayıl rayonudur: “İşğal dövründə digər ərazilərimiz kimi, həmin ərazidə də, ümumiyyətlə, canlı varlığın yaşaması üçün zəruri olan hər şeyi məhv edilib, bütün təbiətə, canlı aləmə düşmən kəsiliblər. Bu gün baş verən proseslər isə kimin kim olduğun ortaya qoyur. Dövlətimizin başçısı cənab İlham Əliyevin Cəbrayıla son səfərində orada aparılan quruculuq işləri, həyata keçirilən layihələrlə tanış olduq. Cəmi bir il ərzində bu qədər işi görmək dövlətimizin iqtisadi gücünü və ölkəmizin potensialını göstərir. Burada yaradılan və 200 hektar ərazini əhatə edəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı rayonunun və ümumilikdə respublikanın iqtisadiyyatına yeni güc qatacaq, məşğulluğu yüksəldəcək, kənd təsərrüfatının inkişafına təkan verəcək, yerli istehsalı artıracaq. Görülən işlər bir daha göstərir ki, oraya qayıdacaq sakinlərin rahat yaşaması üçün bütün işlər davamlı şəkildə plana uyğun olaraq aparılır və yaxın zamanda onların xoşbəxt gələcəyi reallaşacaq. Biz bunu Cocuq Mərcanlının timsalında gördük”.
Milli Məclisin deputatı qeyd edib ki, “Böyük qayıdış”ın əsası məhz Cəbrayılda qoyuldu: “2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin ətrafındakı yüksəkliklər azad edildi. Sürətlə həyata keçirilən quruculuq işləri nəticəsində kənddə məktəb binası, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikildi və yenidən orada həyat bərqərar oldu. Kənd bu gün öz möhtəşəmliyi ilə diqqət çəkir. Bu, onu göstərir ki, belə bir mənzərə ilə biz işğaldan azad edilmiş bütün ərazilərimizdə qarşılaşacağıq və “Böyük qayıdış”ın növbəti mərhələsinə qürurla şahidlik edəcəyik”.
AHİK sədri vurğulayıb ki, bu il oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə Ermənistan tərəfindən baş verə biləcək təxribatların nə ilə nəticələnəcəyini bir daha bəyan etdi: “Buna görə də Ermənistan ağılını başına yığmalı, xəbərdarlıqlara məhəl qoymalı, yaranmış yeni vəziyyəti dəyərləndirməli, Azərbaycanın təkliflərini qəbul etməlidir. İşğal siyasəti artıq dəfn edilib, Azərbaycanın da dəyişməz mövqeyi ortadadır. Azərbaycanın bölgəyə gətirdiyi yeni nəfəs, əvvəlki müsahibələrimdə dediyim kimi, dayanıqlı sülhə və ümumilikdə regionun hərtərəfli inkişafına hesablanıb. Ermənistanın bundan kənara çıxması onların özləri üçün yaxşı heç nə vəd etmir. İşğal siyasəti onları bütün layihələrdən kənarda qoydu. Neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Bu gün onun acı nəticələrini yaşayırlar”.