...

Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH

Siyasət Materials 22 Oktyabr 2021 20:56 (UTC +04:00)
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Qarabağ artıq geniş tikinti meydançasına çevrilib. Qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu rayon müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir: “Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və digər ölkələrin şirkətləri kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələrə çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək”.

A.Hüseynov deyib ki, Zəngilan hava limanının da böyük strateji əhəmiyyəti var: “Bu hava limanının əsası cəmi bir neçə ay əvvəl qoyulub, ancaq bu müddətdə xeyli işlər görülüb. Gələn il istifadəyə veriləcək hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək.

Azərbaycana ildə 2 milyondan çox turist gəlir, onların Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımı infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək. Burada siyasi faktora da diqqət yetirmək lazımdır. Hava limanları Ermənistanla və İranla sərhəd bölgələrdə yerləşir, bunun hərbi-psixoloji mənasını da xüsusi qeyd etmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti