Bakı. Trend:
Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.
Trend həmin məktubları təqdim edir:
Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti Vu Haylonqdan:
- Zati-aliləri.
Doğum gününüz münasibətilə Çin İctimai Diplomatiya Assosiasiyası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizin şəxsi dəstəyi və səyləri sayəsində Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri son illərdə daim inkişaf edərək ən yüksək səviyyəyə çatıb. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə Çinin Yunnan vilayətinin Malipo qəsəbəsindəki 2 nömrəli ibtidai məktəbin idman meydançası yenidən qurulub. Bu təşəbbüs yerli tələbələr və müəllimlər tərəfindən yüksək qiymətləndirildi və Sizin Çində kənd yerlərinin dirçəldilməsi işinə verdiyiniz əhəmiyyəti nümayiş etdirdi.
Mən məmnuniyyətlə ali diqqətinizə çatdırmaq istərdim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin İctimai Diplomatiya Assosiasiyası ilə sıx əməkdaşlıq əlaqələri saxlayır. Ötən il Mərkəzin və Assosiasiyanın birgə təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dövrdə beynəlxalq düzən və qlobal idarəetmə” mövzusunda forum keçirilib. Həmin forumda multilateralizmin qorunması və yeni növ beynəlxalq münasibətlərin qurulması ilə bağlı səmərəli müzakirələr aparılıb. İnanıram ki, xalqlarımızın mədəni əlaqələrinin inkişaf etdirilməsi ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimadı daha da möhkəmləndirəcək və bu, ikitərəfli əməkdaşlığın inkişafına çox güclü təkan verəcək.
Mən Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti kimi xalqlarımız arasında dostluğun təşviqi və ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərimi əsirgəməyəcəyəm.
Azərbaycan xalqının Sizin rəhbərliyinizlə daha xoşbəxt və firavan yaşamasını səmimi-qəlbdən arzulayır, Çin-Azərbaycan dostluğunun əbədi olmasını diləyirəm.
***
Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqaldan:
- Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Yəhudi İcması adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə səmimi minnətdarlıq və təşəkkür hissləri ilə təbrik etmək istəyirəm.
Yəhudi inamına görə, insanın doğum günündə Ulu Tanrı qərara alır ki, dünya bu yeni doğulmuş insanın ruhu olmadan mövcud ola bilməz. Sizin timsalınızda bu inamın nə dərəcədə düzgün olduğunu görürük. Siz Azərbaycan yəhudilərinə tolerant münasibətin qarantı olmaqla bərabər, həm də bütün müsəlman aləmində yəhudilərə bu cür münasibəti aşılayırsınız. Bundan əlavə, Sizin qərarlarınız Azərbaycan Yəhudi İcmasının gələcəyini təmin edir.
Azərbaycan dövləti təkcə bu il ərzində iki çox mühüm qərar qəbul edib: Bakı şəhərində yəhudi məktəbinin qismən maliyyələşdirilməsi və yeni mikvanın tikintisinin dəstəklənməsi haqqında. Bu layihələr ənənəvi təhsili və ailə həyatının saflığı qanunlarının yerinə yetirilməsini təmin edir. Bu iki mühüm tövsiyə yəhudi xalqını minilliklər boyu qoruyub saxlayıb. Məktəb və mikva yəhudi icmasına, sadəcə, həyat bəxş etmir, onlar Azərbaycanda yəhudilərin uzunmüddətli və xoşbəxt gələcəyinə ümid bəxş edir, çünki bu, yəhudilərin tamdəyərli həyatı üçün zəruri infrastruktur deməkdir. Biz əminik ki, Ulu Tanrı onun övladlarının həmrəylik şəraitində yaşamasını görəndə səmimi-qəlbdən sevinir. Sizin səyləriniz sayəsində dünyada bütün xalqların və bütün dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını və üstəlik, bir-birinə kömək etdiyini görəndə Ulu Tanrı da sevinir, ölkəmizin rəhbərliyinin hər bir arzusunu yerinə yetirməyə, onun güclü iqtisadiyyatını, layiqli təhsilini, həyatın bütün sahələrində tərəqqisini təmin etməyə hazırdır.
Daimi qayğınıza və dəstəyinizə görə Sizə hədsiz təşəkkür edirik. Qoy Ulu Tanrı Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömür, bütün təşəbbüslərinizdə uğurlar və firavanlıq bəxş etsin! Əlbəttə, arzu edirik ki, Allah Sizin övladlarınıza və nəvələrinizə hər cür nemət bəxş etsin, Siz isə onlara baxıb xoşbəxt olasınız.
***
Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovdan:
- Möhtərəm Prezident.
Qalib Azərbaycanın, qəlbi daim Vətənlə döyünən dünya azərbaycanlılarının böyük sərkərdəsi.
Yeni tarix yazan, Avrasiyada yeni geosiyasi reallıqlar yaradan və dünya güclərini bu gerçəkliklər, tarixi ədalət qarşısında sayğı göstərməyə vadar edən iradəli dövlət başçımız.
Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı möhtəşəm ruh yüksəkliyi, birlik ruhu yaşayır. Bu unudulmaz günlərimizin, həmrəyliyimizin, əzmimizin memarı Sizsiniz, cənab Prezident! Müdrik və ardıcıl siyasətiniz sayəsində biz - dünyanın dörd bir yerində yaşayan diaspor üzvləri məğrur, şərəf və ləyaqətini hər şeydən üstün tutan qəhrəman xalqın nümayəndələri olaraq başıuca gəzirik.
İndi Azərbaycanımız üçün də, bizim hər birimiz üçün də yeni qələbələr dövrü başlayıb - Qarabağı cənnətə çevirmək uğrunda gecəli-gündüzlü çalışmaq, hər gün daha bir zəfərə imza atmaq, hər saatda daha bir qarış Vətən torpağını gülüstan etmək kimi hədəflərimiz var. Biz bu mərhələnin hər anında həmişə müntəzir əsgər olaraq yanınızdayıq, cənab Ali Baş Komandanımız!
Cənab Prezident, Siz qətiyyətli baxışları, iti zəkası, dəmir yumruğu, təmkini ilə bütün siyasətçilərə, yurd sevgisi ilə hər birimizə örnək olan sevimli Liderimizsiniz.
Bizə yaşatdığınız qürurun haqqı yalnız ümmansız sevgi və sədaqətlə ödənilə bilər.
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə dəyərli Mehriban xanımla və bütün sevdiklərinizlə bərabər səadət dolu günlər arzu edirik.
***
Türk Dünyası Araşdırmaları Vəqfinin Baş direktoru Közhan Yazqandan:
- Hörmətli cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram.
1980-ci ildə türk dünyasının tanınmış alimi Turan Yazqan tərəfindən yaradılmış Türk Dünyası Araşdırmaları Vəqfi 41 ildir türkdilli ölkələrdə təhsil, elm və mədəniyyət sahələrində fəaliyyətini davam etdirir.
Biz Azərbaycanda da fəaliyyət göstəririk. Qardaş ölkədə açdığımız təhsil qurumları, Türk Dünyası Bakı Atatürk Liseyi, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsi 30 ildir gənclərə mükəmməl təhsil verir.
Cənab Prezident, müstəqilliyinin bərpasından sonra böyük siyasi, iqtisadi, hərbi və strateji problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə yaratdığı sağlam təməllər üzərində sürətlə dirçəlməsinə, daha sonra Sizin güclü və qətiyyətli rəhbərliyinizlə mühüm uğurlar qazanmasına, inkişaf etməsinə və dünyada söz sahibinə çevrilməsinə, ən əsası, işğal altındakı vətən torpaqlarının Ali Baş Komandanlığınızla azad edilməsinə görə böyük sevinc və qürur hissi duyuruq.
Hörmətli Prezident, Azərbaycanı daha yüksək zirvələrə ucaldacağınıza səmimi-qəlbdən inanır, bu yolda Sizə uğurlar diləyirəm.
***
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan:
- Möhtərəm cənab Prezident.
Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Ürəyində Azərbaycan sevgisi ilə yaşayan bütün azərbaycanlılar vətəndaşı olduqları ölkələrdən asılı olmayaraq, Sizə böyük hörmət bəsləyirlər. Çünki məhz Sizin Ali Baş Komandanlığınızla Azərbaycan Ordusu torpaqlarımızın illərlə davam edən işğalına son qoydu.
Siz postmüharibə dövründə də Azərbaycanı dünyaya sülhsevər ölkə kimi tanıdırsınız. Bu, xalqımıza, dövlətimizə xas olan xüsusiyyətdir, keçmişə nəzər salsaq, demək olar ki, tarixi irsimizdir. Millətini sevən hər bir azərbaycanlı lazım olan anda “Təki Vətən sağ olsun!” deyərək torpaq uğrunda canını qurban verməyə hazır olduğunu da sübut etdi.
Siz, eyni zamanda, qalib ölkə, Müzəffər Ali Baş Komandan, dünya siyasətinin incəliklərini mükəmməl bilən, təcrübəli dövlət başçısı kimi humanistlik nümayiş etdirərək sülhə tərəfdar olduğumuzu dünya ictimaiyyətinə bəyan edirsiniz.
Cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev xarici ölkələrə səfəri zamanı diaspor üzvləri ilə görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına önəm verməyimizi tövsiyə edirdi. Sizi əmin edirik ki, diaspor üzvlərimiz bu istiqamətdə səylərini davam etdirir və daha da gücləndirirlər.
Hörmətli Prezident, Sizə və ailə üzvlərinizə Allahdan möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli işinizdə uğurlar diləyirəm.
Tanrı Sizə yar və yardımçı olsun!
***
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadədən:
- Hörmətli cənab Prezident.
Yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, xoşbəxtlik və firavan ömür arzulayıram.
Siz dünya azərbaycanlılarının Liderisiniz. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu siyasətini layiqincə davam etdirirsiniz. Qloballaşan dünyada, inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə Azərbaycanın mənafeyini müvəffəqiyyətlə müdafiə edirsiniz. Sizin uğurlu xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Həyata keçirdiyiniz müdrik daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.
Sizin rəhbərliyinizlə ölkəmizdə reallaşdırılan mühüm islahatlar, gündən-günə genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin rifahını yaxşılaşdırmaq üçün gördüyünüz tədbirlər Sizə xalqın böyük sevgisini qazandırmışdır.
Müzəffər Ali Baş Komandan, Siz həm siyasi arenada, həm də döyüş meydanında Zəfər çalan, Azərbaycanın torpaqlarını 30 illik işğaldan 44 gün ərzində azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdəsiniz. Sizin rəhbərliyinizlə uğurla başa çatan “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistanın illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində darmadağın edildi, Azərbaycan tarixi Qələbə qazandı.
Cənab Prezident, Sizi bir daha təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
***
Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımovdan:
- Zati-aliləri.
Əlamətdar yubileyiniz münasibətilə Sizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycan Respublikasının dəyərli Prezidenti kimi vəzifənizi şərəflə yerinə yetirirsiniz. Bu tarixi missiyanı müvəffəqiyyətlə davam etdirməyiniz üçün Sizə uğurlarla dolu daha neçə-neçə illər arzulayıram.
Cənab Prezident, qələbələrinizin təsdiqi bu gün Azərbaycanda gördüklərimizdir. Azərbaycan çox böyük inkişafa nail olmuşdur. Bir tərəfdən, ölkədə çoxpartiyalı siyasi sistem formalaşmış, digər tərəfdən isə iqtisadi və sosial baxımdan sürətli inkişaf əldə edilmişdir. Azərbaycanı 20 il əvvəl və indi görən insanlar inkişafın fərqindən heyrətlərini gizlətmirlər. Bu, Sizin parlaq nailiyyətlərinizin nəticəsidir.
Hörmətli cənab Prezident, Siz möhtəşəm nəticələrə imza atan, xalqımızın rifahı, xoşbəxtliyi, ən əsası, dünya azərbaycanlılarının birliyi üçün çalışan nüfuzlu Lidersiniz. Azərbaycanın Prezidenti, Ali Baş Komandanı olaraq Sizin uğurlu siyasətiniz sayəsində 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tarixi Zəfər qazandı. Bir şəhid qardaşı olaraq bu şanlı Zəfərin sevincini yaşamaqdan mən və ailə üzvlərimiz qürur duyuruq.
Sizə Azərbaycanımıza və xalqımıza xidmət işində yeni qələbələr arzulayıram.
Yaşasın Azərbaycan Prezidenti!
***
Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadədən:
- Möhtərəm cənab Prezident.
Monteneqroda yaşayan azərbaycanlılar adından Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali və şərəfli vəzifənizdə yeni nailiyyətlər arzulayırıq.
Mənalı ömrünüzün tam yarısı dövlətimizin müstəqillik illərinə təsadüf edir. Azərbaycanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasında, möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin müstəsna və tarixi xidmətləriniz var. 44 günlük Vətən müharibəsində yüksək zəkanız, diplomatik məharətiniz və cəsarətinizlə qalib xalqın müzəffər Lideri adını Azərbaycanın müasir tarixinə həkk etdiniz.
Ölkə hüdudlarından kənarda yaşayan diaspor nümayəndələri olaraq dövlətimizin xarici siyasətini xüsusi maraq və diqqətlə izləyir, bu sahədə biz də necə iştirakçı və dəstəkçi ola biləcəyimizi daim düşünür, əlimizdən gələni əsirgəmirik. Sizin uğurlu, qətiyyətli, cəsarətli və ümummilli maraqlarımıza söykənən praqmatik xarici siyasətiniz sayəsində Azərbaycan bu gün multikonfessional, multikultural, tolerant, dövlət-xalq birliyinin mövcud olduğu, öz ərazi bütövlüyünü bərpa etmək gücünə malik, bütün beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşan, etibarlı tərəfdaş olan, siyasi və iqtisadi sabitliyini qoruyan, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin açarı sayılan, humanitar fəaliyyəti ilə tanınan, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini 44 gün ərzində təkbaşına yerinə yetirmək qüdrətinə sahib bir ölkə kimi qəbul edilir. Bir Azərbaycan vətəndaşı olaraq digər dövlətlərin ölkəmizin qarşıya qoyduğu təşəbbüs və şərtlərlə hesablaşmaq məcburiyyətində qalmalarından qürur duyuram.
Sizi bir daha səmimi-qəlbdən təbrik edirik. Siz xalqımıza Zəfər sevincini bəxş etdiniz. Uca Tanrı bütün arzularınızı çin etsin, yar və yardımçınız olsun!
***
Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əli-zadədən:
- Möhtərəm cənab Prezident.
Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi və Azərbaycan icması adından, şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırıram.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və müəyyən etdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli və dinamik inkişafını təmin etmişdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma ölkəmizin daha da qüdrətlənməsinə təkan verir.
Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur və əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə uğurla həyata keçiriləcək. Azərbaycanla bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkan regionunda təbliğ olunması işində Mərkəzimiz Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.
Möhtərəm cənab Prezident, bu əlamətdar yubiley münasibətilə Sizə bir daha uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın daha da inkişafı naminə məsuliyyətli, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.
***
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovdan:
- Zati-aliləri.
Sizi 60 illik yubileyiniz münasibətilə böyük qürur hissi ilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın inkişafı yolunda əzmkar fəaliyyətiniz bizim üçün nümunədir. Bu gün Azərbaycan dövlətinin beynəlxalq aləmdə sabitlik və əmin-amanlıq məkanı olaraq nümunə göstərilməsi məhz Sizin sayənizdə mümkün olmuşdur. Fəxr edirik ki, artıq Sizin təşəbbüsləriniz beynəlxalq birlik tərəfindən qəbul edilir. Dünya dövlətləri Sizin qlobal təşəbbüslərinizi özlərinə örnək bilirlər.
Hörmətli Prezident, Sizin siyasi iradənizin nəticəsi olaraq Azərbaycan dövləti koronavirusla və Vətən müharibəsində düşmənlə mübarizədə uğurlu qələbə qazandı. Sizin adınız qüdrətli Lider kimi Zəfər tariximizin salnaməsinə qızıl hərflərlə yazılıb. Bu gün dünya azərbaycanlıları Zəfər çalan sərkərdə olaraq Sizinlə fəxr edirlər. Hər zaman Sizin dəmir yumruğunuzun ətrafında birləşməkdən qürur duyuruq.
Doğma Vətənimizin rifahı naminə yeni və daha böyük işlər görmək üçün Sizə tükənməz enerji və cansağlığı arzulayırıq.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
***
Almaniyada fəaliyyət göstərən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Səttar Kərimovdan:
- Əziz Prezidentimiz.
Yubileyiniz münasibətilə Sizi Almaniyanın Münxen şəhərində yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Sizə və əzizlərinizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi xalqımıza çox görməsin.
Münxen azərbaycanlıları ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizə hər zaman dəstək olub və bundan sonra da olacaqlar.
Fürsətdən istifadə edərək, xalqımıza bəxş etdiyiniz Zəfərə görə Sizə “Çox sağ olun!” deyirəm.
Var olun, cənab Prezident!
***
Qazaxıstan Respublikası Kostanay Vilayəti Azərbaycanlıları İctimai Birliyinin sədri Rafail Hacıbalayevdən:
- Hörmətli İlham Heydər oğlu.
Qazaxıstan Respublikasının Kostanay vilayətində yaşayan azərbaycanlılar adından sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Sizin apardığınız müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanmış, ümumdünya müstəvisində özünə layiqli yer tutmuş, ölkə daxilində uzunmüddətli sabitliyə və sürətli iqtisadi inkişafa nail olmuşdur.
Vətən müharibəsindəki Zəfərimiz, işğal altındakı torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması bizi də çox sevindirdi. Həmin ağır və şərəfli günlərdə qardaş Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar da xalqımızın, dövlətimizin yanında oldular, Azərbaycan həqiqətlərinin başqa xalqların nümayəndələrinə çatdırılmasında öz töhfələrini verdilər.
Əminik ki, yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda, beynəlxalq aləmdə daha böyük nailiyyətlər əldə edəcək.
Hörmətli cənab Prezident, əlamətdar yubileyiniz münasibətilə Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
***
Rusiya Federasiyasının Tıva Respublikasının Karate Federasiyasının prezidenti Çingiz Əliyevdən:
- Hörmətli cənab Prezident.
Altmış illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və firavanlıq arzulayıram.
Siz Prezident olaraq Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafına çox böyük töhfə vermisiniz. Ölkəmizdə əmin-amanlığın qorunub saxlanmasında və dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmisiniz. Biz - Rusiya Federasiyasının Tıva Respublikasında yaşayan azərbaycanlılar vətənimiz Azərbaycanla fəxr edirik. Vətənimiz və onun rəhbəri, yəni, Sizin haqqınızda xoş sözlər eşitmək bizi çox sevindirir.
Möhtərəm Prezident, Sizə dərin minnətdarlığımı bildirir, doğma Azərbaycanımızın daha da inkişafı üçün səmərəli işlərinizdə uğurlar arzu edirəm.
Yubileyiniz mübarək, möhtərəm Prezident!
***
Rusiyanın “EKOLab” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Seyfəddin Mərdanlıdan:
- Hörmətli İlham Heydər oğlu.
İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik edim və səmimi arzularımı bildirim.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan müstəqil, sabit və mütərəqqi dövlətin təşəkkülündə sanballı nəticələr qazanıb. Sizin qəbul etdiyiniz qərarlar Azərbaycanın rifahına xidmət edən beynəlxalq əlaqələri möhkəmləndirir və genişləndirir.
Sizə əmin-amanlıq, iqtisadi və siyasi sabitlik, möhkəm cansağlığı və tükənməz enerji arzu edirəm.
***
Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyevdən:
- Möhtərəm cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirir, Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Ölkəmizin sosial-iqtisadi, dövlət quruculuğu sahələrində və beynəlxalq aləmdə qazandığı bütün nailiyyətlər şübhəsiz ki, Sizin adınız, rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasət ilə ayrılmaz surətdə bağlıdır. Yüksək təşkilatçılıq qabiliyyətiniz, dəqiq strateji siyasətiniz, ən mürəkkəb məsələlərin həllinə uzaqgörənliklə yanaşmanız Sizə nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırmışdır. Yenilməz iradəniz Vətənimizə, xalqımıza şanlı Qarabağ Zəfərini yaşatmış, milli iftixar hissimizi gücləndirmişdir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, rəhbəri olduğum Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi adından və şəxsən öz adımdan Sizə bir daha səmimi-qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, ölkəmizə isə sülh, firavanlıq arzulayıram.
***
Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan diasporunun rəhbəri Şəmsədin Hüseynovdan:
- Çox hörmətli İlham Heydər oğlu.
İcazə verin, Aktau şəhərində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Siz xalqımızı bir araya gətirib ruhumuzu bütövləşdirdiniz, şanlı və şərəfli tarix yazdınız - Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdiniz. Siz uğurlu siyasətinizlə, iradə və əzminizlə Azərbaycan xalqına Zəfər qazandırdınız, onu qalib xalq etdiniz.
Müzəffər Ali Baş Komandan, Sizi bir daha ürəkdən təbrik edirik. Sizə firavanlıq və müdrik dövlətçilik fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr arzulayırıq.
***
Almaniyanın “CLAAS Group“ şirkətinin icraçı direktoru Xristian Radonsdan:
- Çox hörmətli cənab İlham Heydər oğlu.
Sizi 60 illik yubileyiniz münasibətilə “CLAAS Group” şirkətinin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə cansağlığı və ali dövləti fəaliyyətinizə uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasında rifah, sülh və sabitliyi daha da möhkəmləndirsin!
Fürsətdən istifadə edərək Sizə uzun illərə söykənən əməkdaşlığa görə ürəkdən təşəkkür edirik. Eyni zamanda, qeyd etmək istərdik ki, Azərbaycan “CLAAS Group” şirkəti üçün Qafqazda strateji rola malikdir. Biz daim şirkətin kənd təsərrüfatı maşınları və xidmətləri ilə bağlı azərbaycanlı fermerlərin yüksək məmnunluğuna nail olmağa çalışırıq.
***
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovdan:
- Cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin sərkərdəliyinizlə Vətən müharibəsində şanlı Zəfər qazanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Zati-alinizi doğum gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır. Siz 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü Qələbəyə çatdıran güclü dövlət konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən güclü enerji qaynağı dövlət-xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində rəşadətli Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı Zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür. Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır.
Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil və müasir Azərbaycanımızın inkişafı naminə müvəffəqiyyətlə həyata keçirdiyiniz məqsədyönlü, uğurlu və səriştəli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq.
***
Qazaxıstan Respublikasının Türkistan vilayətində Azərbaycan diasporunun rəhbəri Natiq İbrahimovdan:
- Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Dünyaya müdrik, əvəzsiz şəxsiyyətlər nadir hallarda gəlir. Bunlardan biri də Sizsiniz - Vətənini, millətini sevən, ümumbəşəri dəyərlərə yiyələnən, mütərəqqi və yaradıcı düşünən, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirən böyük siyasətçi, böyük dövlət xadimi İlham Heydər oğlu Əliyevdir. Sizin sinənizdə döyünən ürək Azərbaycanımızın səadət rəmzidir. Ancaq belə bir ürəyin sahibi bütün məlum çətinliklərə qalib gələ bilərdi və bunu şərəflə bacardı da.
Cənab Prezident, Sizi doğum gününüz münasibətilə təbrik edir, əzmkar fəaliyyətinizdə uğurlar arzulayırıq.
***
Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpurdan:
- Əziz cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz yorulmaz əməyiniz və uzaqgörən siyasətinizlə hər zaman Azərbaycanımıza beynəlxalq aləmdə böyük uğurlar qazandırırsınız. Siz ümummilli lider Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsini uğurla davam etdirirsiniz. Vaxtilə Ulu Öndər də milyonlarla azərbaycanlının Prezidenti olub. Sizə çox təşəkkür edirik ki, dünya azərbaycanlılarını bir araya gətirdiniz, dəmir yumruğunuzla 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər qazandırdınız. Dünya azərbaycanlılarının heç vaxt belə güclü birliyi olmamışdı. Bu, məhz Sizin siyasi iradəniz sayəsində oldu.
Hörmətli cənab Prezident, Sizin yorulmaz əməyinizi və əzminizi gördükcə biz qürbət ölkədə uğurlu siyasi kursunuza uyğun olaraq daha böyük ruh yüksəkliyi ilə fəaliyyət göstəririk. İnanıram ki, xaricdə doğulub boya-başa çatan bütün həmvətənlərimiz mənimlə eyni fikirdədirlər. Siz dünya azərbaycanlılarının Lideri olaraq bizim üçün qürur mənbəyisiniz. Hər zaman Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun.
***
ABŞ-da fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Hüseynovadan:
- Hörmətli cənab Prezident, qüdrətli Ali Baş Komandan.
Sizi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatı adından salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Amerikada yaşayan azərbaycanlı gənc diaspor fəalı olaraq vətənim Azərbaycanın inkişafı, rifahı, müstəqilliyinin daha da möhkəmlənməsi yolunda atdığınız hər bir addımla fəxr edirəm. Yeni yaşınızda bu nailiyyətlərin daha parlaq olacağına əminliyimi bildirərək Sizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Cənab Prezident, Sizin dərin siyasi strategiyanız Azərbaycan xalqının illərlə köksündə bəslədiyi həsrətə son qoydu və biz gənclərdə fərəh, iftixar, özünəinam hisslərini gücləndirərək daha iri addımlarla irəliləməyimizə səbəb oldu.
Sizə möhkəm cansağlığı, Azərbaycan naminə gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər arzu edirəm.
***
Azərbaycanın Almaniyada yaşayan Xalq rəssamı Əşrəf Heybətovdan:
- Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Mən Sizin Moskvada yaşadığınız zaman şəxsi tanışlığımızı daim xatırlayır və bununla fəxr edirəm. Moskvada, 1981-ci ilin dekabrında incəsənətə yolumun başlanğıcında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ilk sərgimin keçirilməsinə göstərdiyiniz kömək və dəstək həmişə yadımdadır, buna görə daim Sizə minnətdaram.
Fürsətdən istifadə edərək 60 və 70 illik yubileylərim münasibətilə mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm. Çox sağ olun.
1995-ci ildə həyat yoldaşımla Almaniyaya köçdükdən sonra 1998-ci ildə ümummilli lider Heydər Əliyevlə görüşümü və bizə, diaspor nümayəndələrinə Azərbaycanı yaddan çıxarmamaq barədə tövsiyələrini də unutmamışam.
Çox az adam bilir ki, Siz Moskvada “Bakılı” Cəmiyyətinin yaradılmasında iştirak etdiniz və Moskvada yaşayan bütün soydaşlarımızı birləşdirdiniz. Fəxr edirəm ki, Moskvada mənim 40 illik yubiley sərgimin açılışında iştirak etmisiniz.
Biz ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Almaniyada Azərbaycan Mədəniyyəti Cəmiyyəti yaratmışıq və mədəniyyətimizi, adət-ənənələrimizi təbliğ etməyə çalışırıq.
***
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovdan:
- Hörmətli cənab Prezident.
Otuz ilə yaxın müddətdə Azərbaycan xalqının erməni işğalından çəkdiyi əziyyətlərə son qoymaq üçün dövlətimizə güc, iqtisadi qüdrət, yüksək döyüş qabiliyyətinə malik ordu lazım idi və Siz Prezident olaraq bütün bunlara addım-addım nail oldunuz. Siz təkcə Azərbaycanın deyil, bütün regionun rifahını və gələcəyini düşünərək bu gün sülh və əməkdaşlıq istiqamətində yorulmaz fəaliyyətinizi davam etdirirsiniz. Siz təkcə öz xalqımız üçün yox, həm də türk dünyası üçün nadir tarixi şəxsiyyətlərdən birisiniz. Siz siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada maliksiniz.
Cənab Ali Baş Komandan, Sizi - böyük strateqi, qüdrətli sərkərdəni 60 illik yubileyiniz münasibətilə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun üzvləri adından və şəxsən öz adımdan təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyir, ən xoş arzularımızı çatdırırıq. Biz Qələbədən dərhal sonra sosial şəbəkələrdə yüz minlərlə insanın Sizə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təşəbbüsünə qoşuluruq. Əminik ki, ən tez zamanda insanların bu arzusu da gerçəkləşəcək.
***
Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskudan:
- Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
***
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Yaşar Musayevdən:
- Cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə ardıcıl və yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.
İşğal edilmiş torpaqların azad olunması və bu torpaqlarda müasir texnologiyalar əsasında quruculuq işlərinin aparılması, dünyada yaşayan azərbaycanlıların ümummilli dəyərlər ətrafında birləşməsi həm ölkə daxilində, həm də xaricdəki həmvətənlərimizi hədsiz dərəcədə sevindirir. Son iki yüz ildə xalqımızın həm döyüş meydanında, həm də bütün digər sahələrdə qalib xalq kimi qürur duyması çox sevindiricidir. Bu, Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz sayəsində tam reallığa çevrilmişdir.
Cənab Prezident, Almaniyada yaşayan soydaşlarımız adından Sizi bir daha doğum gününüz münasibətilə təbrik edirəm.
***
Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü Ceyhun Cəfərovdan:
- Hörmətli cənab Prezident.
İcazə verin, Rusiya Federasiyasının Beynəlxalq Hüquqşünaslar İttifaqının Krasnoyarsk vilayəti üzrə nümayəndəliyi adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.
1993-cü ildən bu günə qədər bütün dünya və mütərəqqi bəşəriyyət Azərbaycan Respublikasının siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə əldə etdiyi misilsiz tərəqqinin şahidi olmuşdur.
Seçdiyiniz siyasi kurs Azərbaycan vətəndaşlarının həyatının daim yaxşılaşdırılmasına yönəlib.
Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində yaşayan və işləyən azərbaycanlı, Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü və Krasnoyarsk vilayəti üzrə rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Sizin - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası və əzəli tarixi Qarabağ torpaqlarının azad olunması istiqamətində qazandığınız böyük Qələbəmizə görə Zati-alinizə dərin minnətdarlığımı ifadə edir və qürur hissi keçirdiyimi bildirirəm.
Bütün dünya üçün bu böyük Qələbə Sizin xalqa, Vətənə - Azərbaycana olan fədakar məhəbbətinizin daha bir danılmaz sübutu oldu.
İcazə verin, Sizə səmimi qəlbdən cansağlığı və uzun ömür arzulayım.
***
Kanadanın Birinci Millətlər Universitetinin professoru Arzu Sərdarlıdan:
- Hörmətli cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Mən elm adamıyam, 30 ilə yaxındır ki, Azərbaycandan uzaqda yaşayıram. Bu illər ərzində bir elm adamı kimi bir çox məqsədlərimə çatmışam. Bu 30 ildə bütün azərbaycanlılar kimi, Vətənimizin uğurlarına sevinmişəm, itkilərinə məyus olmuşam. Vətəndən kənarda bu hisslər daha güclü olur.
Ötən il Siz bizə elə bir sevinc bəxş etdiniz ki, bunu heç nə ilə müqayisə etmək olmaz. Bu, Vətən müharibəsində qazanılan Qələbənin sevincidir. Bu, Azərbaycanın müasir dövlətçilik tarixində ən böyük qələbəsidir.
Cənab Ali Baş Komandan, Siz döyüş meydanında Zəfər çaldınız. Amma XXI əsrin savaşı həm də intellekt savaşıdır. Bu intellekt savaşını Siz təkbaşına qazandınız. Mənim fikrimcə, Sizin qələbəniz müasir dövrdəki analoji münaqişələrin həlli üçün bir beynəlxalq nümunədir. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, belə bir beynəlxalq nümunə məhz Sizin adınızla bağlıdır.
Möhtərəm Prezident, mən də Sizə ünvanlanan çoxsaylı təbriklərə qoşularaq Zati-alinizə uzun ömür, cansağlığı və yeni zəfərlər arzulayıram.
***
Rusiya Federasiyası Adıgey Respublikası və Krasnodar diyarının müftisi Askarbiy Kardanovdan:
- Möhtərəm İlham Heydər oğlu.
Adıgey Respublikası və Krasnodar diyarı Müsəlmanlarının Ruhani İdarəsi adından və şəxsən öz adımdan Sizi yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Bizim təbriklərimizi Sizə dərin hörmət və minnətdarlıq əlaməti kimi qəbul edin. Biz Sizin təkcə Azərbaycan Respublikasında deyil, bütün Qafqazda İslamın qorunub saxlanması və inkişafı üçün səylərinizi yüksək qiymətləndiririk. Sizin müdrikliyiniz və həyat təcrübəniz bizim dinimiz əsasında Qafqaz xalqlarının mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.
Sizə, doğmalarınıza və yaxınlarınıza səmimi qəlbdən aydın səma, möhkəm cansağlığı, qəlb hərarəti, bolluq, rifah və Ulu Tanrının mərhəmətini diləyirik.
Qoy həyatınızın qarşıdakı illəri nəzərdə tutduğunuz planların gerçəkləşməsi illəri olsun, Azərbaycan Respublikasına çoxlu xoşbəxt günlər və firavanlıq gətirsin, sevincinizi artırsın, xeyirxah işlər görmək imkanı bəxş etsin.
Mərhəmətli və qadir Allah Sizi qorusun.
***
“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Qurbanoğludan:
- Möhtərəm cənab Prezident.
“Palmali” Şirkətlər Qrupunun çoxsaylı kollektivinin hər bir üzvü adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin tərəqqisi və gələcək uğurları naminə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyünüz bütün işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Müzəffər Ali Baş Komandan, Siz Vətən müharibəsində əldə edilən böyük Zəfəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız. Bir azərbaycanlı olaraq bununla fəxr edir və qürurlanıram. Sizin rəhbərliyinizlə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il müddətində qurduğu mifi darmadağın etdi. İşğal altında saxlanılan torpaqlarımız mənfur düşməndən azad edildi. Sizin rəhbərliyinizlə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü, xalqımız isə dəmir yumruq olub Sizin yanınızda olduğunu nümayiş etdirdi. Bu şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Siz 44 günlük Vətən müharibəsinin Zəfər çalmış sərkərdəsisiniz. Biz Sizə hər zaman inanırıq və güvənirik. Bu inam və güvən sarsılmazdır.
Tanrı Sizi, qəhrəman ordumuzu və Azərbaycanımızı qorusun!
***
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətindən:
- Möhtərəm cənab Prezident.
Altmış illik yubileyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan, ali dövləti vəzifənizdə Sizə yeni uğurlar diləməkdən böyük şərəf hissi duyuruq.
Zati-alinizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin inkişafı ilə bağlı qəti mövqeyinin ifadəsi olaraq 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsi, onun İƏT-in filialı olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına güclü dəstəyin davam etdirilməsi, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilməsi regionun digər liderləri üçün nümunədir. Gənclər Forumunun təsis olunmasını Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qəbul etməyiniz bizi çox qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti olaraq bizə göstərdiyiniz etimadla, dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.
Müzəffər Ali Baş Komandan, Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad edib və 30 ildən çox davam etmiş ədalətsizliyə son qoyub. Bu Zəfəri təkcə Azərbaycan xalqı deyil, bütün İslam dünyasının gəncləri qeyd edirlər. Zati-alinizin azad edilmiş ərazilərin dirçəldilməsi ilə bağlı xoşməramlı planları və təqdirəlayiq mövqeyi bizdə xoş təəssüratlar yaradır.
Bu əlamətdar gündə İƏT ölkələrinin həmrəyliyinə göstərdiyiniz dəstəyə, eləcə də qardaş Azərbaycan xalqının inkişafı naminə nəcib fəaliyyətinizə görə Sizə bir daha ən xoş arzularımızı bildirməkdən şərəf hissi duyuruq.
Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.
Sizə olan ən yüksək ehtiramımızı və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.
***
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevadan:
- Zati-aliləri.
İcazə verin, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırım.
Sizin rəhbərliyinizlə Azərbaycan həyatın bütün sahələrində tərəqqi əldə edib, ölkə əhalisinin rifahı yüksəlib.
Azərbaycan çoxtərəfli təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında çox fəal rol oynayır, multilateralizmə və ortaq məsuliyyətə möhkəm sadiqliyini nümayiş etdirir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla həmişə çox gözəl əməkdaşlıq və tərəfdaşlıq münasibətləri olub. Gələn il biz BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünü qeyd edəcəyik və bu, tarixi hadisə olmaqla yanaşı, həmçinin kollektiv nailiyyətlərimiz, gələcək əməkdaşlıq perspektivləri haqqında düşünmək üçün gözəl fürsət olacaq. Biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycan hökumətinə dəstəyimizi davam etdirməyə ümidvarıq.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.