...

Azərbaycan və ABŞ münasibətləri qarşılıqlı etimada, güvənə və əməkdaşlığa söykənir

Siyasət Materials 22 Mart 2022 18:01 (UTC +04:00)
Azərbaycan və ABŞ münasibətləri qarşılıqlı etimada, güvənə və əməkdaşlığa söykənir

Bakı. Trend:

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Azərbaycan və ABŞ prezidentlərinin qarşılıqlı məktubları ölkəmizə qlobal müstəvidə verilən daha bir önəmdir. Azərbaycanın əhəmiyyəti və beynəlxalq münasibətlərdə, təhlükəsizlik, enerji məsələlərinin həllində rolu güclənir.

Məsələ ilə bağlı Trend-in sualına cavab verən Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, artıq vəziyyət, qlobal düzən, reallıqlar dəyişib.

“44 günlük müharibə zamanı əldə etdiyimiz möhtəşəm qələbə bütün diqqətləri Azərbaycana doğru yönəldib, dünyaya Azərbaycanı yenidən tanıdıb, bölgədəki gücümüz və liderliyimiz hər kəs üçün qəbuledilən olub. Novruz bayramı ərəfəsində ABŞ lideri Cozef Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda da sezilən və görünən əsas məqam odur ki, ABŞ Azərbaycanla strateji əməkdaşlığın davam etdirilməsində, münasibətlərin inkişafında maraqlıdır. Həmin məktubda Co Baydenin timsalında ABŞ və onun xalqının Azərbaycana xüsusi diqqəti və simpatiyası ifadə olunur. Bu isə ölkəmiz adına son dərəcə sevindirici haldır”, - deyə deputat bildirib.

O əlavə edib ki, qısa müddət sonra Prezident İlham Əliyev də Co Baydenə məktub göndərdi və hər iki ölkənin maraqları, xalqların rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərməyin vacib olduğunu qeyd etdi.

“Dövlət başçısı, eyni zamanda, Qarabağ mövzusuna, Azərbaycanın məhz öz gücünə, təkbaşına BMT-nin qətnamələrini icra etməsinə xüsusi olaraq toxundu və transmilli enerji layihələri, sülh və təhlükəsizlik məsələlərində hər zaman bərabər olmağın vacibliyini, qarşılıqlı əməkdaşlığın faydalılığını, zəruriliyini vurğuladı.

Əslində, dövlətimiz hər zaman balanslı xarici siyasət yürüdüb. Ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında daim və açıq formada bəyan edib ki, biz bütün dünya dövlətləri ilə normal münasibətlər saxlamaqda maraqlıyıq. Eyni zamanda, Azərbaycan dövləti, xüsusən də son illərdəki beynəlxalq fəaliyyəti ilə, Qoşulmama Hərəkatına rəhbərliyi ilə, ümumbəşəri töhfələri özündə əks etdirən qlobal və faydalı təşəbbüsləri ilə meydanda olub, sülhün, demokratiyanın əsas təminatçılarından biri kimi çıxış edib. Ona görə nüfuzumuz günü-gündən yüksələn xətt üzrə irəliləyir. Hamı bizi qəbul edir. Hamı Azərbaycanla hesablaşır.

Hazırda Qərb dövlətləri və konkret olaraq ABŞ ilə münasibətlərimiz olduqca yaxşıdır. Həmin münasibətlər qarşılıqlı etimada, güvənə və əməkdaşlığa söykənir. Hər iki ölkə Prezidentinin məktubunda qeyd olunan məqamlar və mesajlar da bunu deməyə əsas verir ki, Azərbaycan və ABŞ arasında əlaqələr ən yüksək səviyyədədir və həmin əlaqələrin inkişafı üçün heç bir problem və əngəl yoxdur”, - deyə E.Musayev vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki, ABŞ prezidentinin Prezident İlham Əliyeva ünvanladığı məktubda bir sıra mühüm məqamlara toxunulur. Azərbaycanın təhlükəsizlik, bölgədə sülhün təmin olunmasında oynadığı rol təqdir olunur.

"Azərbaycan uzun müddətdir Qərblə, xüsusilə, ABŞ ilə bir çox sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr təhlükəsizliklə bağlı məsələlərdə özünü daha qabarıq büruzə verir. Əfqanıstanda sülhün təmin olunması prosesinə Azərbaycan hər zaman ciddi töhfə verib. Azərbaycan hərbçiləri NATO tərkibində Əfqanıstandakı sülhməramlı missiyada fəal iştirak ediblər.

Hazırda Azərbaycan bölgəyə sülhün gəlməsi üçün səylə çalışır, Cənubi Qafqazda təhlükəsizliyin qorunması və təmin olunmasına öz töhfəsini verir. Ermənistan isə bölgədə sülhün təmin olunmamasında maraqlıdır. Ermənistan bu siyasətə son qoymalıdır.
Bu gün bölgədə və dünyada ciddi proseslər gedir. Hazırkı dövrdə dövlətlərin əməkdaşlığının daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bunu yaxşı anlayır və bu proseslərdə düzgün yer tutmaq üçün səylə çalışır.

Əminik ki, ABŞ ilə Azərbaycan arasında əlaqələr qarşıdakı dövrdə daha da inkişaf edərək, iki ölkənin təhlükəsizliyinin möhkəmlənməsinə ciddi töhfələr verəcək. Azərbaycan qarşılıqlı əməkdaşlığa və əlaqələrin inkişafına tam hazırdır. Bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirmək üçün ardıcıl addımlar atır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti