Bakı. Trend:
Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.
Məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili,
eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla
icra edilir.
General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə
məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan
birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində
əlaqə saxlayaraq məruzələri dinləyib.
Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və
bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında
vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin
təşkilinin vacibliyini xüsusi qeyd edib.