Bakı. Trend:
60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndənin Şuşaya səfər edərək beynəlxalq tədbirə qatılmaları ilk öncə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, eyni zamanda uğurlu xarici diplommatiya siyasətinin bariz nəticəsidir.
Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsinin ardınca Cəbuni Qafqazda yeni reallıqlar öz təəsdiqini tapıb və bu reallıqlar kontekstində əsas məqamlardan biri də budur ki, dünya ölkələri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını deyil, həm də gücünü, qüdrətini, beynəlxalq arenadakı mühüm yerini və əhəmiyyətli rolunu qəbul edirlər: “Məhz bu baxımdan, Bakıda akkreditə olmuş diplomatik korpus və hərbi nümayəndələrin, eləcə də Ankarada, Moskvada və Tehranda fəaliyyət göstərən non-resident səfirlərin Şuşada iki günlük səfərə qatılmaları regiounumuz və ölkəmiz üçün xüsusi siyasi önəm daşımaqdadır. Baxın, hətta ən uzaq ölkələrdən – Qvatemaladan, Uqandadan, Filippindən, Dominikanda, Kamerundan, Ruanda və Somalidən, eləcə də digər Afrika və Latın Amerikası ölkələrindən, habelə Qərbi və Şərqi Avropanın ən aparıcı ölkələrindən olan səfirlərin, o cümlədən, Avropa və dünya miqyaslı çoxsaylı siyasi və humanitar təşkilat nümayəndələrinin, avropalı səfir və diplomatlatın, TÜRKSOY-un, Türk Dövlətləri Təşkilatı rəsmilərinin, həmçinin Avrasiya ölkələri nümayəndələrinin Qarabağın incisi Şuşaya səfər etmələri artıq özü-özlüyündə yuxarıda qeyd etdiyimiz fikirləri sübut etməkdədir.
Diplomatik korpusun və hərbi nümayəndələrin olduqları təyyarənin Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına eniş etməsi, oradan isə isə “Zəfər yolu” ilə Şuşaya getmələri deyərdim ki, çox mühüm hadisədir”.
Bəhruz Quliyev diqqəti ABŞ və Fransa səfirlərinin nümayişkəranə şəkildə konfransın işinə qatılmaqdan imtina etmələrinə də münasibətini açıqlayıb. Onun fikrincə, belə bir qərarın verilməsi adıçəkilən dövlətlərin fəaliyyət göstərdikləri ölkəyə, yəni Azərbaycana qarşı hörmətsizlikləridir: “Heç bir diplomatik dəyərlərə və etikaya sığmayan belə bir addım eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, bu cür riyakarlıqların, kirli siyasi xislətlərin içində aşkar erməni izini də görmək mümkündür. Daha dəqiq desək, bir vaxtlar özlərini ATƏT-in Minsk qrupunun aparıcı həmsədrləri kimi aparan həmin ölkələr 30 il Qarabağ probleminin dalana dirənməsi üçün maksimum səylər göstərdilər, erməni işğalçılığına dolayısı ilə öz dəstəklərini göstərdilər. Bu qrupun missiyasının başa çatması elan edildikdən sonra isə həmin ölkələr indi də bu kimi qeyri-diplomatik, riyakarlıq prinsiplərini nümayiş etdirirlər. Lakin onların hansı vəziyyətdə necə qərarlar vermələrinə baxmayaraq Azərbaycan dövləti öz sözünü deyir və qarşısına qoyduğu bütün məqsədlərinə nail olur, bundan sonra da nail olacaq. Ümid edək ki, bir gün ABŞ və Fransa kimi ölkələrin dipmissiyaları tezliklə nə qədər səhv, yanlış düşüncə tərzində olduqlarını anlayacaqlar və Azərbaycana qarşı baxış bucaqlarını dəyişəcəklər. Təbii ki, Azərbaycan bundan heç nə itirmir, itirən uğursuz diplomatik qərar verən cinahlardır”.