Bakı. Trend:
Azad olunmuş ərazilərimiz sırasında məcburi köçkünlərin qayıdışının ilk olaraq təmin olunduğu Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən təşkil olunmuş yüksək səviyyəli konfransda
dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki
nümayəndəlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri
iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı konfransda “Qaçqın və
keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi
sahəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) təsisatı tərəfindən həyata keçirilən tədbirlər” adlı
məruzə ilə çıxış edib.
Ombudsman Səbinə Əliyevanın adından tədbir iştirakçılarını
salamlayan A.Səfixanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü
nəticəsində soydaşlarımızın çoxsaylı fundamental hüquqlarının
pozulması faktları barədə ətraflı məlumat verib. O, BMT
qətnamələrində məcburi köçkünlərin öz doğma yurdlarına şərəfli və
təhlükəsiz qayıdışının nəzərdə tutulduğunu vurğulayıb.
Münaqişədən sonrakı mərhələdə tətbiq olunan mexanizmlərdən
danışarkən A.Səfixanlı bu sahədə BMT-nin roluna diqqət çəkərək,
məcburi köçkünlərin problemlərinin həlli məqsədilə “davamlı həll”
prinsipinin təşviqinin əhəmiyyətini qeyd edib. O, həmçinin bu əhali
qrupunun mülkiyyət hüquqlarının bərpası, kompensasiya almaq
hüquqlarının təmini məqsədilə tətbiq olunan meyarlara da
toxunub.
A.Səfixanlı çıxışı zamanı Ombudsman təsisatı tərəfindən qaçqın və
məcburi köçkün əhali qrupunun hüquqlarının müdafiəsinin daim
diqqətdə saxlandığını bildirib. Azərbaycan Ombudsmanı tərəfindən
Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş soydaşlarımızın
pozulmuş hüquq və azadlıqlarının bərpası məsələsinin müntəzəm
olaraq beynəlxalq və regional təşkilatların diqqətinə çatdırıldığı,
Vətən müharibəsi və postmüharibə dövründə çoxsaylı çağırışlar
edildiyi də qeyd olunub.
Çıxışda həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə
iqtisadiyyatın bərpası, mina və digər partlayıcı qurğuların
təmizlənməsi, bərpa-quruculuq işlərinin aparılması, o cümlədən
“ağıllı kənd” və “ağıllı şəhər” modellərinin tətbiqinin insan
hüquqlarının təmini baxımından önəmi diqqətə çatdırılıb.
Məruzələrdən sonra mövzu ilə bağlı müzakirə aparılıb və
iştirakçıların Ağalı kəndi ərazisinə ekskursiyası təşkil
olunub.