Bakı. Trend:
Bəzi dövlətlər və təşkilatlar Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqaza gətirdiyi yeni reallıqları hələ də həzm edə bilmir. Fransa belə dövlətlər arasında ilk sırada dayanır.
Rəsmi Paris həm Vətən Müharibəsi, həm də müharibədən sonrakı ilk dövrlərdə Ermənistana açıq dəstəyini ifadə etməklə Bakıya siyasi təzyiq, Cənubi Qafqazdakı proseslərə təsir göstərməyə və şərtlərini diqtə etməyə çalışsa da, plan baş tutmamışdı. Bir müddət sakitləşən Fransa hakimiyyəti Avropa İttifaqının və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesində rolunun artdığını hiss edən kimi Bakıya qarşı həyata keçirdiyi hücum diplomatiyasını daha aqressiv və dinamik fazaya keçirdi, danışıqlar prosesinə fitnə toxumları səpməyə başladı.
Fransa prezidenti Emmanuel Makronun bir neçə gün əvvəl “France 2” telekanalına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi nümayiş etdirməsi isə rəsmi Parisin Azərbaycan-Ermənistan sülh prosesi ətrafında qurduğu məkrli planları və Cənubi Qafqazın gələcəyi ilə bağlı qaranlıq hədəflərini gün üzünə çıxarmış oldu.
Makron müsahibəsi zamanı Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, Ermənistanı tərk buraxmayacaqlar. Fransa prezidenti daha da irəli gedərək, Azərbaycanın “dəhşətli müharibə” də və “işğal" da ittiham etməkdən çəkinməyib.
Təbii ki, Makronun əsassız ittihamları Azərbaycanın siyasi rəhbərliyində və ölkə ictimaiyyətində hiddət yaratmaya bilməz.
Fransanın dövlət başçısına ən tutarlı və diplomati cavabı isə Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı verdi.
Sitat: "... Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.
Ölkə başçısı Parisin anti-Azərbaycan siyasətindən danışarkən bildirib ki, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər: “Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır...”
Azərbaycan ötən dövr ərzində Fransa ilə sıx əlaqələrdə maraqlı olub. Bu məqamı Prezident İlham Əliyev də iclasdakı çıxışı zamanı vurğulayıb və keçmiş prezidentlər Şirak, Sarkozi və Ollandın dövründə Azərbaycan-Fransa münasibətlərini xatırladıb.
Sitat: “...Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım...”
Son proseslər isə göstərir ki, Makron hakimiyyəti keçmiş Fransa prezidentlərindən fərqli olaraq, Parisin Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətini dəyişməkdə, Bakı ilə körpüləri yandırmaqda israrlıdır.
Fransanın siyasi elitası Azərbaycana qarşı siyasətini dəyişməyə, maksimum diqtə dili ilə danışmağa niyyətlidir. Bu səbəbdən, Bakı da Parisin dəyişən siyasi ritorikası fonunda adekvat və arqumentli cavablarla qarşı tərəfi susdurur. Prezident İlham Əliyevin Makrona verdiyi cavab da Fransa hakimiyyətinin Azərbaycanla bağlı yürütdüyü siyasətə adekvatdır.
Prezident bəyan edir ki, Fransa Cənubi Qafqazla bağlı hansı planları qurmasından asılı olmayaraq, Bakı öz siyasətini, ümumilikdə bölgə və Qarabağla bağlı hədəflərini dəyişdirməyəcək.
Bakının bölgə və Qarabağla bağlı hədəfləri nədir?
- Azərbaycan Qarabağdakı erməni əhalinin təhlükəsizliyinə təminat verməklə birgəyaşayışı təmin etməyə çalışır, sonrakı mərhələyə heç bir mübahisəni məsələ saxlamaq istəmir;
- Bakı Zəngəzur dəhlizinin və ümumilikdə regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin blokdan çıxarılmasında maraqlıdır;
- Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin olmasını hədəfləyir və sabitlikdə maraqlı olan bütün qlobal oyunçularla əməkdaşlıq edir.
Düzdür, Avropa İttifaqının timsalında, “köhnə qitə”də Cənubi Qafqazda uzunmüddətli sülhü və sabitliyi, Azərbaycanın sülhpərvər siyasətini dəstəkləyən qüvvələr var. Amma Fransa həmin qüvvələr sırasında deyil.
Parisin Cənubi Qafqazla bağlı hədəfləri nədir?
- Fransanın hazırki hakimiyyəti Cənubi Qafqaza təsir etmək imkanını itirməmək üçün Azərbaycanla Ermənistan arasındakı münaqişənin tam həll olunmasında maraqlı deyil;
- Paris Bakı ilə İrəvan arasında yekun sülh prosesində “erməni kartı”ndan maksimun yararlanmaq, Cənubi Qafqaza təsir imkanları əldə etmək istəyir;
- Paris bilir ki, son mərhələdə sülh müqaviləsinə mane ola bilməyəcək. Bu səbəbdən, Qarabağdakı “erməni kartı”nı açıq saxlamağa çalışır və oradakı ermənilərin hüquqları ilə bağlı tezisləri gündəmdə saxlamağı hədəfləyir ki, sülh müqaviləsi bağlandıqdan sonra da bölgəyə təsir imkanını itirməsin. Parisin Xankəndi erməniləri ətrafında planlaşdırdığı "Qarabağ oyunu" Ermənistanın baş naziri Nikol Paşinyanın Fransada Makronla görüşdə səsləndirdiyi "Azərbaycan Qarabağ erməniləri ilə danışmalıdır" tezisini irəli sürdüyü çıxışı zamanı bir daha ifşa olundu.
Azərbaycan buna imkan verə bilərmi?
Görünən odur ki, Bakının Cənubi Qafqaz və Ermənistan-Azərbaycan müasibətləri ilə bağlı mövqeləri tam fərqlidir. Azərbaycan sülh, Fransa isə uzunmüddətli danışıqlar, bölgəyə təsir imkanı yaradacaq rıçaqlar istəyir. Paris nəyinki sülh istəmir, hətta bölgədə vəziyyəti gərginləşdirmək və yeni münaqişə ocağı yaratmaq üçün Ermənistana hərbi dəstək verməyi planlaşdırır.
Mövqelərin haçalandığı sütuasiyada Paris İrəvanla Bakı arasında yekun sülh danışıqlarında necə ədalətli vasitəçi ola bilər? Təbii ki, Fransa hakimiyyətinin erməni lobbisinə sevgisi, ölkədə yaşayan 700 min erməni ətrafında qurulan seçki oyunları Markorun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı ədalətli mövqe sərgiləməyə imkan verməz. Təkcə Markonun mövqeyindən deyil, ümumilikdə Fransa senatının üzvlərinin, XİN rəsmilərinin, ayrı-ayrı vəzifəli şəxslərin ermənipərəsət və anti-Azərbaycan çıxışları sübut edir ki, Paris Bakı ilə İrəvan arasında vasitəçilik zamanı heç vaxt ədalətli mövqe tuta bilməz.
Prezident İlham Əliyev Makronun qərəzli açıqlaması ilə bağlı danışarkən “Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur” cümləsini işlətməklə də bir daha bəyan etdi ki, Bakının Fransanın köməyinə, vastəçiliyinə, “ədalətli” mövqeyinə ehtiyacı yoxdur. Fransa da Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalı və Azərbaycanla diqtə, təhdid və təzyiq dili ilə danışmamalıdır. Təcrübə göstərir ki, rəsmi Bakı onunla diqtə, təhdid və təzyiq dili ilə danışan bütün qlobal oyunçuların cavabını verir və daim milli maraqlarını müdafiə edir. Prezident İlham Əliyevin Makrona verdiyi tutarlı cavab bunun növbəti sübutudur.