...

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul edilməsi günümüzün əsas tələblərindəndir - Cavid Osmanov

Siyasət Materials 5 Noyabr 2022 09:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son illər ərzində ölkəmizdə həyata keçirilən hərtərfli islahatlar, eyni zamanda siyasi islahatların tərkib hissəsi olaraq formalaşan yeni siyasi konfiqurasiya, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı yeni reallıqlar ölkəmizin yeni inkişaf mərhələsinə keçidini təmin edib. Bu isə öz növbəsində ölkədə hər bir sahədə qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi zərurətini yaradıb. Bütün bunlardan irəli gələrək ölkəmizin demokrtaiya yolunda inkişafını və formalaşan yeni siyasi konfiqurasiyanı daha da sürətləndirmək məqsədilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul edilməsi də günümüzün əsas tələblərindəndir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, nəzərə alsaq ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının mövcud Qanunu 1992-ci il 3 iyun tarixində, 30 il bundan bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də adekvat deyil, bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.

“Artıq bu istiqamətdə fəal işlər görülüb və Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanaraq ictimai müzakirəyə təqdim edilib. Yeni qanun layihəsinin hazırlanması prosesi tamamilə demokratik və şəffaf formada təşkil edilib.

Belə ki, cari il iyulun 26-da Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə mediada açıqlama verilib. Hətta ilk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclaslarına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib.

Bununla yanaşı yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirlib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Göründüyü kimi prosesin ictimai əlçatanlığı tam təmin edilib. Bu bir daha qanun layihəsinin demokratik şəraitdə hazırlandığını göstərən amildir.

Təbii ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların xüsusi maraq dairəsindədir. Odur ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da özlüyündə layihənin hazırlanmasında siyasi partiyaların iştirakının təmin edilməsinin bariz göstəricisidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların təklifləri ilə yanaşı beynəlxalq təcrübə də öyrənilib.

“Belə ki, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib.

Siyasi partiyaların təkliflərinin, beynəlxalq təcrübənin, eləcə də ictimai dinləmələrin kompleks halda nəzərə alınması nəticəsində müasir dövrümüzün tələblərinə cavab verəcək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanacaqdır ki, bu da siyasi sistemimizin daha da təkmilləşdirilməsi işinə verilmiş növbəti töhfə olacaqdır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti