Bakı. Trend:
90-cı illər Azərbaycan üçün çox ağır və gərgin illər idi. Azərbaycan dağılmaq ərəfəsində idi. Birincisi, bizim düşmənimiz Ermənistan çalışırdı ki, ölkəmizdə xaos yaratsın və bu məqsədlə diversiyalara əl atılırdı. Bu sözsüz ki, düşmənin pozuculuq fəaliyyəti idi. Bununla Ulu öndər Heydər Əliyevi apardığı yolundan yayındırmaq istəyirdilər, amma Ulu öndər heç zaman heç bir şeydən qorxmurdu. Ona görə də bu hadisələrin qarşısını almaq üçün Ulu öndər milli təhlükəsizlik orqanlarının kadrlarının seçiminə böyük diqqət yetirirdi.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə açıqlamasında Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.
"O zaman bilirsiniz ki, milli təhlükəsizlik orqanlarında kadr çatışmazlığı var idi. Bilirsiniz ki, cəbhəçilər hakimiyyətdə olmuşdu və onlar hakmiyyətə gələndə cəbhəçiləri küçədən tutub təhlükəsizlik orqanlarına gətirirdilər ki, bunlar bizim cəbhə yoldaşımızdı və burada işləməlidirlər. Təhsili olmayan, orqandan təsəvvürü olmayan adamları orada işə qəbul edirdilər və onlar da dövlətin təhlükəsizliyini təmin etməli idilər. Bunlar özlərini aldatmaq metodu idi. Sözsüz ki, Ulu öndər gəldikdən sonra yenə kadr siyasətinə nəzər saldı. Ulu öndərin təşəbbüsü ilə akademiya yaradıldı və bu gün Dövlət Təhlükəsizliyi Xidmətində o akademiyanı bitirmiş kadrlar fəaliyyət göstərir və bu da Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”, - deyə o qeyd edib.
A.Qarayev bildirib ki, Heydər Əliyev həmçinin ordu quruculuğuna böyük diqqət yetirdi. “O zaman hərə özünə bir dəstə yaratmışdı, xaos idi və ona görə də ermənilər torpaqlarımızı zəbt edirdilər. Buna baxmayaraq, bir müddət sonra Heydər Əliyev vəziyyəti nəzarətə götürməyi bacardı. Heydər Əliyev sübut etdi ki, Azərbaycan müstəqildir və müstəqil siyasət aparacaq. Dünya dövlətləri Azərbaycanı tanımağa başladılar, diplomatik münasibətlər qurulmağa başlandı.
Müstəqillik illərində bizim ən böyük nailiyyətimiz “Əsrin müqaviləsi” oldu. Ulu öndər bu müqaviləni reallaşdırmaq üçün çox ağır yol keçdi. Ona qarşı hazırlanan sui-qəsdlərə, pozuculuq fəaliyyətlərinə baxmayaraq, Ulu öndər bu müqaviləni həyata keçirdi. Şükürlər olsun ki, bu müqavilə bu gün də işləyir. Ulu öndər Heydər Əliyev bugünkü güclü Azərbaycanın qurucusudur”, - deyə o əlavə edib.