Bakı. Trend:
2022-ci ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata bəyanatla çıxış etmişdir. Cənab Prezident şıxışında bir çox vacib məqamlara toxunmuşdur. Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərdən bəhs olunarkən qeyd olunmuşdur ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır.
Serbiya və Azərbaycan arasındakı əməkdaşlğın tarixi ilə əlaqədar bildirilmişdir ki, bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
İndiki zamanda dünyada ikili standartların mövcud olduğunu qeyd edən cənab Prezident bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Hazırda beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir.
Nəqliyyat-logistika sahəsində böyük potensialın olduğu bildirilmişdir. Nəzərə alınsa ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının bu sahədə qarşılıqlı fəal işləməlidirlərinin vacibliyi qeyd olunmuşdur.
Cənab Prezident çıxışında energetika sektorunda əməkdaşlığın vacibliyini qeyd etmiş və son vaxtlar bu sahənin daha böyük əhəmiyyət kəsb etdiyini bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var. Bu istiqamətlərdə müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Müdafiə sənayesi sahəsinin də perspektiv əməkdaşlıq istiqamətlərindən bir olduğu bildirilmişdir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
Ümumilikdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Milli Məclisin deputatı
Rauf Əliyev