...

Azad edilmiş ərazilərdə sahibkarlara dövlət zəmanəti və kredit faizlərinin dayandırılması halları müəyyənləşib

Siyasət Materials 9 Yanvar 2023 16:00 (UTC +04:00)

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərə dövlət zəmanətinin və kredit faizlərinin subsidiyasının dayandırılması halları açıqlanıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, bir müvəkkil kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsait çıxılmaqla) və müvəkkil kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, müvəkkil kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır.

Bir müvəkkil kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizindən aşağı düşdükdə, zəmanətlər üzrə ödənişlər bərpa edilir.

Aşağıdakı hallarda müvəkkil kredit təşkilatına yeni zəmanət verilmir:

- bu Qaydada müəyyən olunmuş hal baş verdikdə;

- zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil kredit təşkilatı bilərəkdən Fonda yanlış məlumat təqdim etdikdə.

Aşağıdakı hallarda verilmiş zəmanətə xitam verilir:

- müvəkkil kredit təşkilatının həmin kredit üzrə zəmanətə xitam verilməsi barədə müraciəti olduqda;

- zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış komissiyanın ödənişi 1 aydan çox gecikdirildikdə;

- zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları Fondun yazılı razılığı olmadan müvəkkil kredit təşkilatı tərəfindən üçüncü tərəfə ötürüldükdə;

- sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsinin, girov və digər təminat müqavilələrinin şərtləri bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun olmadıqda və ya Fondun qabaqcadan yazılı razılığı olmadan dəyişdirildikdə;

- hərbi əməliyyatlarla bağlı yaranmış şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar restrukturizasiya edilmiş kreditlər istisna olmaqla, zəmanət verilmiş kredit restrukturizasiya olunduqda;

- zəmanət verilmiş kredit məbləğindən kredit müqaviləsinə uyğun olaraq təyinatı üzrə istifadə edilmədikdə;

- zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil kredit təşkilatının bilərəkdən Fonda yanlış məlumat təqdim etdiyi müəyyən olunduqda;

- “Dövlət borcu haqqında” qanunda müəyyən edilmiş digər hallarda.

- Zəmanətə bu Qaydada nəzərdə tutulmuş əsaslarla xitam verildikdə, cari tarixə faiz subsidiyasına görə ödənilmiş bütün vəsait geri qaytarılır.

Müvəkkil kredit təşkilatı ilə bağlanılmış əməkdaşlıq müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər.

Bu Qaydada nəzərdə tutulan hallar baş verdikdə, müvəkkil kredit təşkilatı zəmanətlər üzrə komissiya ödənişini əməkdaşlıq müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.

Aşağıdakı hallarda faiz subsidiyasının ödənilməsi dayandırılır:

- faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik icra edilənədək);

- faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək.

Bu Qaydada nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydada nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür.

Aşağıdakı hallarda faiz subsidiyasının ödənilməsi ləğv edilir:

- sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatı bu barədə Fonda müraciət etdikdə;

- sahibkarlıq subyekti barəsində iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü (cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərarı) olduqda;

- müvəkkil kredit təşkilatının zəmanət üzrə ödəniş aparılması üçün bu Qaydada nəzərdə tutulmuş qaydada Fonda yazılı müraciəti daxil olduqda.

Müvəkkil kredit təşkilatı bu Qaydada nəzərdə tutulmuş hal ona məlum olduğu gündən 3 iş günü müddətində Fonda məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti