...

“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir - Rauf Əliyev

Siyasət Materials 14 Yanvar 2023 17:27 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir - Rauf Əliyev

Bakı. Trend:

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aparılan dərin islahatlar bürün sahələri əhatə edir. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.

Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Yeni qanunla siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir. Siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır: - dövlət orqanları (qurumları); - yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar; - digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar; - beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər; - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; - yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər; - adını, soyadını, atasının adını, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmədiyi də öz əksini tapıb. Əvvəlki Qanundan fərqli olaraq, bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi partiyanın maliyyələşdirilməsində əsas məqamlar da yer alır. Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir. “Siyasi partiyalar haqqında” yeni Qanun ümumilikdə siyasi partiyalara normal fəaliyyət göstərmək, qarşıya qoyduqları məqsədlərə çatmaq üçün daha geniş imkanlar yaradacaq.

Rauf Əliyev

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti