...

Azərbaycan Ərəb dünyası ilə uğurlu xarici əlaqələr qurub - Vüqar İskəndərov

Siyasət Materials 16 Yanvar 2023 19:37 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan dünyada böyük nüfuz qazanmış və hörmətlə yanaşılan ölkəyə çevrilib. Təbii ki, bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, güclü iqtisadiyyat quraraq, güclü ordu yaradaraq, gəncləri vətənpərvərlik ruhunda yetişdirərək, milli birliyimizi möhkəmləndirərək Azərbaycan güclü ölkəyə çevrildi: “Məhz bu uğurların fonunda Vətən müharibəsində əldə edilən tarixi Zəfər yeni reallıqlar yaratdı. Həmin reallıqlar fonunda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkənin beynəlxalq nüfuzundan xəbər verir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də deyilənlərə daha bir sübutdur.

“Bu səfər Azərbaycanın Qərb, Türk dünyası ilə yanaşı ərəb dünyası ilə də uğurlu xarici əlaqələr qurduğunu növbəti dəfə nümayiş etdirdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında çox yaxın dostluq münasibətləri vardır. Yanvarın 15-də Əbu-Dabidə iki ölkənin dövlət başçısı arasında görüş də bu dostluq atmosferində keçdi. Prezidentlər iki ölkə arasındakı siyasi, iqtisadi, ticarət, mədəni, təhlükəsizlik sahələrindəki məsələləri müzakirə etdilər. Həmçinin, iqtisadi sferada əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardılar”, - deyə deputat bildirib.

V.İskəndərov qeyd edib ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu da qeyd edildi.

“Xüsusilə, BMT Təhlükəsizlik Şurasının son müzakirələrində BƏƏ-nin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsi Prezident İlham Əliyev tərəfindən xüsusi olaraq vurğulandı və buna görə BƏƏ Prezidentinə təşəkkürü ifadə edildi. Bundan sonra da ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyinin dəstəkləməsi ilə bağlı məsələlər qeyd olundu. Prezident İlham Əliyev tərəfindən BƏƏ Prezidenti Azərbaycana səfərə dəvət olundu və BƏƏ Prezidenti səfəri məmnuniyyətlə qəbul etdiyini bildirdi. BƏƏ Prezidenti də öz növbəsində qeyd etdi ki, BƏƏ Azərbaycana dost və qardaş ölkədir və iki ölkənin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər və imkanlar vardır.

Beləliklə, bu məqam bir daha Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasət yürütdüyünü növbəti daha nümayiş etdirir”, - deyə deputat sonda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti