...

Ermənistan quyuya düşüb: hələ fərqində deyil

Siyasət Analytics 9 Mart 2023 20:33 (UTC +04:00)
Ermənistan quyuya düşüb: hələ fərqində deyil
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Ədalət Məhkəməsinin ( International Court of Justice, İCJ) Azərbaycanla bağlı müvəqqəti tədbir qərarı Ermənistanda hələ də geniş müzakirə olunur və ermənilər iddia edirlər ki, qərar rəsmi Bakıya "ağır zərbə"dir. Halbuki, İCJ özünü tələyə salmaqla yanaşı, Ermənistanı yaxın perspektivdə Bakının tələbi ilə qərarlar qəbul etməyə məcbur edib. Bunu İrəvan hələ dərk etmir və edə bilmir.

BMT strukturlarından olaraq Haaqada yerləşən İCJ Azərbaycanla bağlı qərar qəbul edərək rəsmi Bakını Laçın-Gorus yolu ilə "maneəsiz hərəkəti təmin etməyə" çağırıb. Daha doğrusu, məhkəmənin qərarına görə, sözügedən yolda Azərbaycan ekofəallırının və vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası "gərginliyin artmasına yönələ biləcək" addım kimi dəyərləndirilir.

İCJ fevralın 22-də Laçın yolundakı vəziyyətlə bağlı qərar qəbul edib. Qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Ermənilər də bundan yararlanaraq tamamən "maneəsiz" şəkildə Xankəndidən Ermənistana, Ermənistandan da Xankəndiyə hərəkət etməli, yük və sərnişin daşımalarını həyata keçirməlidir.

Lakin Haaqadakı məhkəmənin qərarı beynəlxalq hüquq baxımından primitiv, məntiq sarıdan absurd, Azərbaycanla Ermənistanın imzaladıqları birgə sənədlər və öhdəliklər baxımından isə nonsensdir.

Çünki Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini mütləq şəkildə davam etdirəcək.

Həmçinin, Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini unutmayaq.

Xatırladaq ki, məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Təbii ki, ölkəmiz beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

2021-ci ilin sentyabrında Azərbaycan tərəfindən məhkəmə iddiası qaldırılan zaman, həmçinin, müvəqqəti tədbirlərə, yəni, iddianın təmin edilməsinə dair məhkəməyə müraciət edilib. Həmin ilin oktyabrında məhkəmə tərəfindən həmin müraciətə və vəsatətə baxılıb, eyni ilin dekabrında Ermənistana qarşı həmin vəsatətlərdən biri - azərbaycanlılara qarşı Ermənistanda etnik nifrəti təşviq edən şəxslərin saxlanılması və qruplaşmaların, təşkilatların fəaliyyətinin dayandırılması, bunun qarşısının alınması haqqında vəsatət təmin edilib. Lakin Ermənistan tərəfi bu günədək həmin qərarı yerinə yetirməyib.

Belədirsə, Beynəlxalq Ədalət Məhkəməsi nə üçün sözügedən qərarın tam yerinə yeririlməsini və icrasını Ermənistandan tələb etmir?

İCJ-nin belə yanaşması ikili standartların tətbiqi kimi dəyərləndirilə bilərmi?

Ritorik sualdır.

İCJ-nin qərarında (qərardadında) Laçın-Gorus yolunda "maneəsiz hərəkətin təmin edilməsi" ifadəsi beynəlaxlq hüququn təfsiri və tətbiqi, yəni implementasiyası baxımından əsassız ifadədədir.

Halbuki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda həmin yolda "təhlükəsiz hərəkət"dən bəhs olunur.

"Maneəsiz hərəkət"lə "təhlükəsiz hərəkət" arasında çox böyük fərq var.

Ermənilərin istifadə etdikləri Laçın-Gorus yolu Azərbaycan ərazisindədir və Ermənistanla hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti operativ-nəzarət arealında yerləşən yaşayış məntəqələrimizi birləşdirir.

Azərbaycan öz ərazisindəki istənilən və bütün nəqliyyat-kommunikasiya marşrutları üzərində aprior olaraq nəzarətə malikdir və hələlik kontrolunda olmayan istiqamətləri də nəzarət altına almalıdır.

Bilavasitə Laçın-Gorus yoluna gəldikdə isə, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi delimitasiya və demarkasiya prosedurlarına məruz qalmadığından indi, sadəcə, şərti sərhəd sayılır.

Beynəlxalq hüququn prinsiplərinə görə, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini və sərhəd toxunulmazlığını təmin etmək üçün iki variantdan birini seçməlidir:

1. Azərbaycan-Ermənistan sərhədini keçən yolların istisnasız olaraq hamısında nəzarət-buraxılış məntəqələri (NBM) yaradılmalı, Ermənistandan ərazilərimizə, daha konkret olsaq, ermənilərin yaşadıqları bölgələrə daşınan yüklərlə sərnişinlərin təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün daşımalar şəffaf olmalı, nəzarət altında reallaşdırılmalıdır.

2. Sərhəddə NBM-lərin yaradılması prosesini Ermənistan hazırda olduğu kimi, ən müxtəlif süni bəhanələrlə əngəlləməyə davam edərsə, üstəlik mövcud atışmalar və mövqelərimizin hədəfə alınması davam edərsə, bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhdid, suverenliyimizlə sərhəd toxunulmazlığımıza təhdidlər olaraq qalacaq. Problemin həlli üçün Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, təhlükə mənbələrini zərərsizləşdirmək məqsədilə Ermənistanla şərti sərhəd boyunca 30 kilometrlik təhlükəsizlik zonası yarada bilər.

30 kilometr özüyeriyən artilleriya qurğularının və haubitsaların orta statistik atış məsafəsi olduğu üçün şərti sərhəddəki mövqelərimiz beynəlxalq hüquqla dünya praktikasına əsasən məhz bu endəki zolaq vasitəsilə təhdidlərdən qorunmalıdır.

Ermənistanın irqi ayrı-seçkilik zəminində Azərbaycana qarşı törətdiyi cinayətlərə gəldikdə isə bu faktlar həm də BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğv Ediləsi Komitəsi (Committee on the Elimination of Racial Discrimination - CERD, OHCHR) qarşısında məsələ qaldırıb.

İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərarını açqlayarkən Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu vurğulayıb.

Məhz bu səbəbdən də rəsmi Bakı sözügedən məsələdə 1949-cu il tarixli Cenevrə Konvensiyasına istinad edərək CERD şərtlərinin tətbiqini yetərsiz sayır və İCJ-nin bəhs etdiyimiz məqamlarla bağlı yurisdiksiyasını yetərli bilmir.

Yox, əgər İCJ hələ də məsələ ilə bağlı CERD şərtlərinin tətbiqində israrlıdırsa, onda hazırda rusiyalı sülhməramlıların nəzarətindəki bölgələrimizin Azərbaycanın ayrılmaz və leqal əraziləri olduğunu etiraf etməlidir.

Əraziləri CERD hələ də rəsmi olaraq bəyanatlarında vurğulamayıbsa, İCJ nədən və niyə bəhs edir, nəyə istinad edir?!

Və sonda...

Əgər İCJ Laçın-Gorus yolu ilə maneəsiz hərəkətin təminatını istəyirsə, onda mütləq şəkildə Zəngəzur dəhlizi ilə Naxçıvana yüklərin və sərnişinlərin maneəsiz hərəkətinin təminatını Ermənistandan tələb etməlidir.

2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini Ermənistan icra etmirsə, rəsmi Bakı da Laçın-Gorus yolundan sadəcə mülki və humanitar yüklərin daşınmasının təminatı üçün ekoaksiyanı davam etdirərək sərhəddə NBM-lər quraşdıra bilər.

Beynəlxalq hüquq bunu deyir və Azərbaycan da həmin hüquq çərçivəsində davranır. Beynəlxalq Ədalət Məhkəməsi bunu etiraf etmək istəməsə də!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti