...

Moskva İrəvana son xəbərdarlıq etdi: Ermənistan isə yeni müharibəyə hazırlaşır

Siyasət Analytics 20 Mart 2023 19:01 (UTC +04:00)
Moskva İrəvana son xəbərdarlıq etdi: Ermənistan isə yeni müharibəyə hazırlaşır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Ötən əsrin 20-ci illərində olduğu kimi, ermənilər yenə Novruz bayramı günü mövqelərimizi atəşə tutdular. Azərbaycan Ordusunun mövqelərini hədəfə alan Ermənistan hərbçiləri bu dəfə Avropa İttifaqının missiyasına güvənərək belə azğınlıq edirlər. Ermənistanın XİN başçısı Ararat Mirzoyan isə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla apardığı müzakirələrdə bu gün "Azərbaycan vəziyyəti gərginləşdirməyə çalışır" deyib. Bu, faktiki olaraq Ermənistanın Azərbaycana qarşı yeni müharibə hazırlığını və niyyətini nümayiş etdirməsi kimi dəyərləndirilə bilər.

Bu gün saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutublar.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.

Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur.

Rəsmi Bakı bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşdüyünü bəyan edib.

Azərbaycanın Qarabağ iqtisadi zonasının şimal hissəsindəki atışmalardan az sonra yeni, növbəti eskalasiya Zəngilan rayonunda, Ermənistanla şərti dövlət sərhədimizdə yaşanıb.

Həmin şərti sərhəd faktiki olaraq Azərbaycana düşmən kəsilmiş Ermənisanla təmas xətti, frontir sayılmalıdır.

Mövqelərimizin atəşə tutulduğu bölgədə həm də Avropa İttifaqının Ermənistandakı "yarısilahlı" monitorinq missiyasının (EUMA) müşahidəçiləri var.

Fransanın timsalında özünə yeni "hami" tapdığını düşünən Ermənistan rəhbərliyi kollektiv Qərbə bel bağlayaraq aqressiv ritorikasını və siyasətini davam etdirir. Kollektiv Qərbin ona istənilən halda istənilən formada yardım edəcəyini düşünən rəsmi İrəvan çoxdan hazırladığı silahlı təxribatları reallaşdırmaqdadır.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonrakı dönəmlərdə İrəvan hakimiyyətində müşahidə olunan təlaş, qorxu, çaşqınlıq və təşviş artıq müşahidə olunmur. Tam əksinə, Fransanın vədlərinə inanan və Avropa İttifaqının müşahidə missiyasını az qala təhlükəsizliyinin təminatı ilə militar davranışının qoruyucusu hesab etməyə başlamış Ermənistan rəhbərliyi azğınlaşıb.

Baş nazir Nikol Paşinyan məhz bu səbəbdən MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qeyri-effektiv olduğunu sürəkli təkrarlayaraq ölkəsinin bu strukturu tərk edə biləcəyini vurğulayır, Bakıya az qala ultimatumlar ünvanlayır.

Onun və Ermənistan hakimiyyətindəki şəxslərin son günlərdəki ritorikası eynən 2020-ci ilin sentyabrından əvvəlki bəyanatların məzmun sarıdan təkrarına bənzəyir.

Həmin dönəmdə olduğu kimi, indi də Ermənistan yekun sülh sazişinin imzalanmasını əngəlləmək məqsədilə çoxsaylı süni əngəlləri gündəmə gətirir, az qala hər gün yeni tələblər və şərtlərlə çıxış edir, vəziyyəti maksimum gərginləşdirməyə çalışır.

Qərb jurnalistləri xəbər verir ki, mütəmadi olaraq xarici KİV-də çıxış edən erməni şərhçi və müşahidəçilər növbəti həftəyə planlaşdırılan müsahibələrdən imtina barədə xəbərdarlıq ediblər. Onlar bunu Ermənistan hökumətinin başçısı aparatının onlarla əlaqə saxlaması və xəbərdarlıq etməsi ilə izah ediblər.

"Onlara heç bir açıqlama verməyin, xüsusən də Qarabağla bağlı, çünki təxminən iki həftə sonra deyə biləcəyiniz reallıqdan çox fərqli olacaq; ona görə də "sonradan utanmamaq" üçün hələlik xarici mediaya müsahibədən imtina etmək daha yaxşıdır", - iddialara görə, Paşinyan administrasiyasından məhz belə "məsləhət"lər verilib.

İrəvanlı müşahidəçilərin xarici jurnalistlərlə söhbətində izah etdiyi kimi, Ermənistan rəhbərliyi Qarabağdakı erməni separatçılarından bəzi təxribatlar gözləyir. Bununla bağlı daha çox "Müdafiə Ordusu"nun keçmiş komandanı, "sovet" separatçılarının keçmiş rəhbəri Samvel Babayanın adı çəkilir.

Paşinyan administrasiyasının mənsubları onu da vurğulayırlar ki, Türkiyə fəlakətli zəlzələnin sonuclarını aradan qaldırmaq, habelə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlaşmaqla məşğul olduğundan "Cənubi Qafqazdakı proseslərə əvvəlki təki təsir edə bilməyəcək".

İrəvanı ruhlandıran və onu daha da aqressiv davranmağa şirnikdirən kollektiv Qərb, xüsusilə də Ermənistana səfər edən müxtəlif avropalı siyasətçilər deyəsən, anlamırlar ki, proseslərin gərginləşməsi və ekstremum həddinə çatdırılması yeni hərbi əməliyyatları istisna etmir.

Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Ermənistanın daha da aqressivləşməsi, ermənlər üçün fəlakəti sonucların yaşanması ilə bağlı məsuliyyət isə bütünlüklə kollektiv Qərbin və xüsusilə də Avropa İttifaqını EUMA missiyasının üzərinə düşür.

Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov bölgədə vəziyyətin süni gərgnləşdirilməsini və bu proseslərin arxasında hansı qüvvələrin durduğunu anladığından bu gün Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla apardığı danışıqlarda diplomatik təmaslar çərçivəsindən bir qədər kənara çıxaraq İrəvana sərt xəbərdarlıq edib.

"Cənubi Qafqaz regionundakı vəziyyət Azərbaycanın aqressiv ritorikası ilə daha da gərginləşir, sadəcə Dağlıq Qarabağa qarşı yox, Ermənistanın suveren ərazilərinə qarşı da təxribatlar davam edir", - A.Mirzoyan görüşdən sonrakı mətbuat konfrasında deyib.

A.Mirzoyan daha sonra vurğulayıb ki, "Azərbaycanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, güc tətbiqindən əl çəkməyə, beynəlxalq hüququn norma və prinsiplərini pozaraq güclə hədələməməyə vadar etmək üçünn Ermənistanın tərəfdaşları və müttəfiqləri daha aktiv addımlar atmalıdır".

S.Lavrovun cavabı sərt olub: "Qarabağ trekində vəziyyətin stabilləşdirilməsi üçün Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmalar əsas açarlardır. Regional kommunikasiyaların işə salınması, Ermənisanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası, habelə Bakı və İrəvan arasında sülh sazişinin razılaşdırılması üçün Rusiya tərəfi yardımlarını davam etdirməyə hazırdır. Biz Rusiya ilə Ermənistan arasında münasibətləri pozmaq üçün Qərbin aşkar cəhdlərini görürük. Öz maraqlarını təmin etməyə çalışan Qərb Cənubi Qaqfazda regional arxitekturanı pozmağa çalışır. Regional kommunikasiyaların işə çalışması üçün üçtərəfli işçi qrupun həmsədrlərinin yaxın vaxtlarda konkret razılaşmalar əldə edəcəklərini düşünürük".

Ararat Mirzoyanın "Dağlıq Qarabağa beynəlxalq fakttoplayıcı missiyanın göndərilməsi ilə bağlı Rusiyanın yardımına bel bağlayırıq" açıqlamasını S.Lavrov cavabsız qoyub.

Ermənistanın XİN başçısı bu gün Moskvada keçirilmiş danışıqlarda Kremlə hətta təzyiq göstərməyə çalışıb.

Ukraynadakı hərbi əməliyyatların başlanmasından sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyin genişmiqyaslı sanksiyalar səbəbindən Moskva iqtisadiyyatı üçün zəruri xammal, məhsul və malları ikinci ölkələr vasitəsilə təkrar ixrac yolu ilə əldə edir.

Ermənistan belə "körpü" ölkələrdən biridir: Rusiya şirkətləri gərəkli məhsulları Qərb ölkələrindən Ermənistanda yaradılmış şirkətlər vasitəsilə alır, İrəvana gətizdirir, sonra isə Rusiyaya daşıyırlar.

Rusiya-Ermənistan iqtisadi əlaqələrindəki sürətli, hətta paradoksal "artım" da məhz bununla bağlıdır.

Ararat Mirzoyan da hazırda çətin vəziyyətə düşmüş Rusiya iqtisadiyyatının müəyyən mənada Ermənistandan asılı qaldığı düşünərək Moskvaya təzyiq göstərməyə çalışıb.

Daha konkret olsaq, Ermənistanın indiki aqressiv davranışının səbəbləri Avropa İttifaqının EUMA missiyası, Fransanın vədləri və Rusiyaya tətbiq edilmiş sanksiyaların İrəvan üçün yaratdığı şəraitdir.

Fəqət, İrəvan sadalanan məqamlara güvənərək müharibə ritorikasına üstünlük verirsə, bu, suisidal davranışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti