Bakı. Trend:
Amerikanın dünyaca məşhur “Forbes” jurnalı Azərbaycan və Ukraynadakı mina problemi ilə bağlı məqalə dərc edib.
Trend xəbər verir ki, məqalədə mina probleminin kənd təsərrüfatı üçün təhdidindən də bəhs edilir.
"Normal vaxtlarda ukraynalı fermer Aleksandr Krivtsov məşhurlaşa bilməzdi. Əkin sahələrinin çox hissəsinin minalanmış olmasından məyus olan Krivtsov, traktorunu uzaqdan idarə olunan minatəmizləyici maşına çevirərək məsələni öz əlinə aldı. Bu yayın əvvəlində onun Ukraynanın Qrakovo yaxınlığındakı tarlaları minalardan təmizlədiyi mavi traktorunun videoları və şəkilləri internetdə yayılıb.
Bu gün Ukraynanın ABŞ-ın Florida ştatı boyda ərazisi minalarla çirklənib. Bu minaların əksəriyyəti ən yaxşı torpaqlarda basdırılıb və investisiya, ərzaq təhlükəsizliyi və insan həyatı üçün daimi təhlükədir.
Ukraynanın iddialı planı var: o, kənd təsərrüfatı istehsalını bərpa etmək üçün getdikcə diqqətini ölkənin böyük hissəsinin minalardan təmizlənməsi probleminə yönəldir, iddialı plan növbəti dörd il ərzində ən azı ən qiymətli 470 min hektar kənd təsərrüfatı sahəsinin təmizlənməsindən ibarətdir. Ancaq bəzi hesablamalara görə, minalar bu ərazilərdə onilliklər boyu qalacaq.
Problemin miqyasını kiçiltmək olmaz. Amma aşılmaz görünən mina problemi qarşısında yeni həllər yaradan başqa bir postsovet ölkəsi bu məsələnin həllində kömək edə bilər.
Azərbaycan Sovet İttifaqının son günlərində erməni separatçıları tərəfindən işğal edilmiş və 2020-ci ilə qədər otuz il ərzində işğal altında olan beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb.
Ukraynada olduğu kimi, indi də bu torpaqlar sovet dövründən qalma minalarla çirklənib. Və Ukrayna kimi bu torpağın da kənd təsərrüfatı potensialı var ki, Azərbaycan bunu reallaşdırmağa ümid edir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, davam edən minatəmizləmə işləri sayəsində ötən il 50 min hektara yaxın sahədə taxıl əkilib.
Yüz minlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağıdılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet məsələ kimi qarşısına qoyub. Region bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınırdı.
İşğaldan azad edilmiş ərazilərin təmizlənməsinə bu təcili ehtiyac Azərbaycan üçün ən vacib məsələlərdən biridir. Azərbaycanın ərazilərini işğaldan azad etməsindən sonra mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlının öldüyü və ya yaralandığı bildirilir. Ukraynanın oxşar hekayəsi var, lakin "Save The Children" qeyri-hökumət təşkilatının məlumatına görə, Ukraynada hər səkkizinci mina qurbanından biri uşaqdır.
Ərazilərin minalardan təmizləməsinə ən böyük maneələrdən biri xərcdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, minanın hazırlanmasının dəyəri nisbətən aşağıdır, 3-75 dollar, bir minanın zərərsizləşdirilməsi isə 300-1000 dollar arasında dəyişə bilər.
1998-ci ildə BMT-nin dəstəyi ilə ölkə ərazilərinin minalardan təmizlənməsi mandatı ilə yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minatəmizləmə ilə bağlı innovativ yanaşmalar işləyib hazırlayıb. Bu qurum uzun illər ABŞ hökuməti tərəfindən də dəstəklənib. Bu gün Agentlik məcburi köçkünlər arasından yeni könüllülər hazırlayır.
“Onlar öz torpaqlarını təmizləyirlər”, - deyə ANAMA-nın sədr müavini Samir Poladov bildirib. "Onlar bu işi özləri üçün etdiklərini bilirlər. Eyni işlərin xarici şirkətlərə verilməsi 10 dəfə baha başa gələcək".
ANAMA həmçinin məcburi köçkünlərin yaşayış vasitələrinin bərpasına kömək etmək üçün mikro kredit təşəbbüsləri kimi digər layihələrdə də iştirak edib.
Bu model Ukraynada yaxşı işləyə bilər, burada bir çox fermerlər, məsələn, Aleksandr Krivtsov, təmizlənmənin son dərəcə ləng tempindən məyus olaraq torpaqların minalardan təmizlənməsi işini öz əllərinə alırlar. Azərbaycanda başqa məsələlər də var.
"Ermənistan hakimiyyəti minaların yerləşdirildiyi yerləri əks etdirən xəritələri verməkdən ardıcıl olaraq imtina edib. Təqdim etdiyi xəritələr isə natamam olub". Ermənistan uzun müddət bu ittihamı rədd edib və xəritələrin taleyi 2020-ci il münaqişəsinin əsirləri ilə bağlı danışıqlarla bağlı olub.
Azərbaycan minalarla mübarizədə APOPO-nun xidmətlərindən də istifadə edib. Bu, baş ofisi Tanzaniyada yerləşən ABŞ-da qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatıdır. APOPO minatəmizləmə ictimaiyyətində həm itlərdən, həm də nəhəng Afrika kisəli siçovullardan mina təmizləmə prosesində istifadə etməyi ilə tanınır. Hər iki heyvanın həssas burunları var ki, onlar partlayıcıların qoxusunu ala bilirlər. Bəzi APOPO siçovulları xəstələrdə vərəmi də aşkar etmək üçün öyrədiliblər. Böyük siçovullara gördükləri işə görü fıstıq verilir - sözün əsl mənasında.
"Azərbaycanda yeni və innovativ həlləri sınamaq istəyi var", - deyə həm Azərbaycanda, həm də Ukraynada minatəmizləmə işləri ilə məşğul olan APOPO-nun direktoru İtamar Levi bildirib.
Bu il Azərbaycanın minalardan təmizləməyə yanaşmasını daha yaxşı başa düşmək üçün Ukrayna missiyası Azərbaycana səfər edib. Yaxın Şərqdən olan nümayəndələr də minalardan təmizləmə strategiyasını daha yaxşı başa düşmək üçün Azərbaycana səfər ediblər. Azərbaycanın nou-hau və texnologiyalarını dünyanın başqa yerlərində tətbiq etmək üçün Səudiyyə Ərəbistanı və Azərbaycanın birgə şirkəti yaradılıb. Dünyanın 61-ə yaxın ölkəsi hələ də minalarla çirkləndirilmiş olaraq qalır. Bir çox hallarda minalar ən yaxşı kənd təsərrüfatı torpaqlarında yerləşdirilib. Beləliklə, minalar bütün dünyada həm insan, həm də ərzaq təhlükəsizliyi üçün təhlükə yaradır.
"Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları da daxil olmaqla, yeni humanitar yardım paketi təqdim etməyə hazırdır. Minatəmizləmə tərəfdaşlarımızla əməkdaşlığımızın mühüm istiqamətlərindən biridir. Ukraynaya tərəfdaş ölkələrdən minatəmizləmə texnikasının tədarükü vacibdir. Bu texnika həmçinin Ukraynada istehsal olunmalıdır ki, biz də öz torpaqlarımızı Rusiya minalarından təmizləyə bilək", - deyə Ukrayna Prezidenti Volodimir Zelenski bu ayın əvvəlində Azərbaycana təşəkkür müraciətində bildirib.
Bununla belə, hər iki ölkədə minalarla mübarizə uzun illər sürəcək. Ukrayna məsələsində, bəzi analitiklər bildirirlər ki, Ukrayna ərazisinin təxminən 30 faizi hazırda minalanıb və yeni və innovativ həllər tətbiq edilməsə, bu minaların təmizlənməsi əsrlər çəkə bilər. Bununla belə, bu, hər iki ölkədə qeyri-mümkün mübarizə deyil, çünki hər iki ölkədə Aleksandr Krivtsov kimi fermerlərin bir gün yenidən əkinlə məşğul ola bilməsini təmin etməyə çalışan fərdlər və təşkilatlar var", - deyə məqalədə bildirilir.