...

Paşinyan nə edəcəyini bilmir: Separatizmin sonuna az qaldı

Siyasət Analytics 20 Sentyabr 2023 09:25 (UTC +04:00)
Paşinyan nə edəcəyini bilmir: Separatizmin sonuna az qaldı
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

İrəvandakı seçkilərdə real qələbəni təmin etmək və hakimiyyətini qorumağa çalışan Nikol Paşinyan qarabağlı ermənilərin separtizm xülyalarının artıq son akkordlarının səsləndiyini anlayır.

Ermənistanın Mərkəzi Seçki Komissiyası sentyabrın 17-si İrəvanda Ağsaqqalar Şurasına keçirilən seçkilərin səslərini yenidən hesablayacaq.

Səslərin yenidən sayılacağı seçki məntəqələri püşkatma yolu ilə təyin ediləcək. Proses bu gün başlayacaq və sentyabrın 22-si başa çatacaq.

Sözügedən prosesə bütün siyasi qüvvələrin namizədləri, müşahidəçilər və jurnalistlər nəzarət edə bilər.

Ermənistan mediası yazır ki, Ermənistan rəhbərliyi səslərin yenidən hesablanması ilə Ağsaqqallar Şurasında onlara üstünlük əldə etmək üçün kifayət etməyən 1 mandatı da qazanmaq istəyir.

Məsələ ilə bağlı ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbərliyinin iclası keçirilib. Bildirilir ki, iclas iştirakçıları partiyanın İrəvan meri vəzifəsinə namizədi Tiqran Avinyana hansı yolla əlavə səslər qazanmağı müzakirə ediblər. Belə ki, seçkinin nəticəsinə əsasən, hakim partiya öz namizədi Tiqran Avinyanın mer olması üçün tələb olunan 50 faizlik baryeri keçə bilməyib.

“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan isə öz növbəsində səslərin yenidən hesablanacağı təqdirdə əhalini etiraz aksiyası keçirməyə çağırıb.

İrəvanın Ağsaqqallar Şurasına (meriya) seçkiləri və yeni merin seçilməsi prosesi Ermənistandan kənarda olan analitiklərlə siyasi şərhçilərin dediklərinin tam tərsinə olaraq, başa çatmayıb.

Daha doğrusu, seçkilər hələ yeni başlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan üçün əlahiddə önəmə malik bu seçkilərdəki məğlubiyyət İrəvandakı iqtidar üçün "kağız evin yıxılması" effekti yaradacaq. "Mülki Müqavilə"nin (MQ) seçkilərdə uduzması mütləq şəkildə bütün Ermənistan boyunca hakim siyasi qüvvənin hazırda nəzarətində olan resursları itirməsi ilə nəticələnəcək siyasi fiaskonun əsasını qoya bilər.

MQ ilə onun ən sərt və ənənəvi rəqibi olan "Respublika" alyansı arasında İrəvan meriyasında koalisiya ilə bağlı anlaşmanın əldə edilməsi üçün hazırda kuluar danışıqlar aparılır.

Koalisiya qurulmasa, Paşinyanın başçılıq etdiyi siyasi qüvvə şəhər meriyasına nəzarət edə bilməyəcək.

İlk əvvəl statistikaya nəzər salaq.

İrəvandakı 475 seçki məntəqəsindən alınmış və təhlil edilmiş rəsmi məlumatlara görə, səsvermədə seçicilərin 28,44 faizi iştirak ediblər.

Nikol Paşinyanın başçılıq etdiyi "Mülki Müqavilə" (əsas namizəd Tiqran Avinyan) səslərin 32,57 faizini qazanaraq İrəvan Ağsaqqallar Şurasında 24 mandata yiyələnib.

"Milli İnkişaf" (Hayk Marutyan) 18,89 faiz səslə 14 mandata; "Ana Ermənistan" (Andranik Tevanyan) - 15,43 faiz səslə 12 mandata; "Respublika" (Artak Zeynalyan, Aram Sarqsyan) - 11,32 faiz səslə 8 mandata; "Cəmiyyətin səsi" (Artak Qalstyan, Varlan Qukasyan) - 9,68 faiz səslə 7 mandata yiyələnib.

Rusiya Federasiyaının Xankəndiyə yolladığı və əsas məqsədi Ermənistanda hakimiyyətə gəlmək olan Ruben Vardanyana gəldikdə isə, onun yaratdığı və maliyyələşdirdiyi "Həyat üçün ölkə" (Mane Tandilyan isə səslərin 3,64 faizini topladığından zəruri seçki barajını aşa bilməyib, Ağsaqqallar Şurasından kənarda qalıb.

Beləliklə, seçkilər nəticəsində İrəvan meriyasına 5 partiya keçib. İlkin hesablamalara görə, Paşinyanın nəzarət etdiyi koalisiya 32 mandata, müxalifətçilərsə 33 mandata yiyələniblər.

Texniki baxımdan müxalifətçilər şəhər meri postuna Hayk Marutyanı seçə bilərlər, amma çox yəqin ki, bu variant reallaşmayacaq. Bütün bəyanatlara və açıqlamalara, zahirən sərt davranışlara rəğmən Ermənistan müxalifəti indi hakimiyyətlə radikal qarşıdurmaya hazır deyil.

Nikol Paşinyan fərqli yol tutacaq. O, İrəvanın Ağsaqqallar Şurasına seçilmiş müxalifətçilərin bir neçəsinin satın alınmasına, yaxud da şantaj edilməsinə göstəriş verəcək, beləcə, bir neçə müxalifətçi hakimiyyət fraksiyasına keçəcək.

Əməliyyat başa çatandan sonra isə Paşinyanın komandası İrəvana öz merini «seçəcək».

Bəhs etdiyimiz variantın reallaşma ehtimalı çox böyükdür, çünki Nikol Paşinyan son parlament və bələdiyyə seçkilərindən sonra məhz belə davranmışdı.

Bütün bunlarla yanaşı, əyalətlərdə seçkilərdə qalib gəlmiş müxalifətçilərə qarşı ya cinayət işlərini qaldırılırdı, ya da polis yeni seçilmiş merin və ya yerli Ağsaqallar Şurasının fəaliyyətinə mane olurdu.

Fəqət, İrəvandakı seçkilər Ermənistan paytaxtında Nikol Paşinyanın tərəfdarlarının və ya onun hakimiyyətini dəstəkləyənlərin sayının sürətlə azalmaqda olduğunu göstərir.

Belə ki, 2017-ci ildə İrəvan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərdə Ermənistan Respublika Partiyasının namizədi Taron Marqaryan seçicilərin siyahı sayının 28,5 faizinin səslərini qazanmışdı.

2018-ci ildə «Mənim Addımım-Mülki Müqavilə» koalisiyasının namizədi Hayk Marutyan səslərin 34,7 faizini əldə etmişdisə, builki seçkilərdə «Mülki Müqavilə»nin namizədi Tiqran Avinyan seçicilərin siyahı sayının yalnız 9,3 faizinə yiyələnə bildi.

Müqayisə üçün deyək ki, Tiqran Avinyanın təmsil etdiyi hakimiyyət komandası 2021-ci ildəki parlament seçkilərində 181,2 min səs qazanmışdısa, İrəvan meriyasına seçilərdə 75,5 min səslə kifayətlənmək məcburiyyətində qalıb.

İrəvandakı seçkilər erməni cəmiyyətindəki əhval-ruhiyyənin lakmus kağızı sayıla bilər.

Ermənistan paytaxtının Ağsaqqallar Şurasına seçkilərdə səs verənlərin ümumi faiz nisbəti çox aşağı olub - İrəvandakı seçicilərin heç 30 faizi səsvermədə iştirak etməyiblər. Bu isə siyasi qüvvələrin durumu ilə yanaşı, Ermənistan vətəndaşlarındakı süstlükdən və apatiyadan xəbər verir.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealdakı silahlı erməni dəstələrinə qarşı Azərbaycan Ordusunun başladığı lokal antiterror tədbirlərindən sonra isə Ermənistan əhalisinin tam əksəriyyətində, ümumiyyətlə, ümidsizlik hökm sürür.

Dünən gecə İrəvanda parlamentin və Rusiya Federasiyasının səfirliyinin qarşısındakı aksiyalar da bunlara sübutdur.

Ermənistanın son 30 illik tarixində ilk dəfə olaraq minlərlə insan hökumətlə ali qanunverici məclisin paralel istefasını və buraxılmasını tələb ediblər. Bununla yanaşı, ermənilər Rusiyanı xəyanətdə, etibarsızlıqda, yarıtmaz fəaliyyətdə ittiham edirlər.

Onlar RSK-nın dərhal çıxarılmasını, rusiyalı sülhməramlıların Avropa İttifaqının və ya BMT-nin kontingenti ilə əvəzlənməsini istəyirlər.

Rəsmi Bakı dünən törədilən məşum teraktlardan sonra bu tədbirlərə başlamaq məcburiyyətində qalmışdı. Ermənistanın bilavasitə və birbaşa olaraq dəstəklədiyi, maliyyələşdirdiyi təqribən 10 min nəfərlik silahlı dəstələr ölkəmiz və vətəndaşlarımız üçün çox böyük təhlükə mənbəyidir.

100-ə yaxın zirehli texnika, 200-ə yaxın artilleriya və raket qurğusu, radiolokasiya və radioelektron mübarizə sistemləri, minaatanlar, iriçaplı pulemyotlar, istehkamlar, uzunmüddətli müdafiə və idarəetmə qurğuları, anbarlar, kazarmalar - bütün bunlar çox genişmiqyaslı diversiya-terror aktlarını həyata keçirməyə imkan verəcək nəsnələrdir.

Silahlı erməni dəstələri Azərbaycanın dinc sakinləri üçün sürəkli təhdid mənbəyi idilər.

Bununla yanaşı, onlar işğaldan azad edilmiş ərazilərə qayıdışın, həmin torpaqların bərpası və rekonstruksiyası ilə bağlı işləri ləngidən amildir.

Və ən nəhayət, həmin silahlılar RSK-nın müvəqqəti nəzarətindəki areallarda yaşayan qarabağlı ermənilərin özləri üçün böyuk təhdiddir: silahlılar qarabağlı erməniləri qorxudur, döyür, hədələyir, Azərbaycan cəmiyyətinə reinteqrasiyanın qarşısını hər vəchlə alırdılar.

Lokal səciyyəli antiterror tədbirləri davam edir.

Separatçılar silahı yerə qoyduğu və tərksilah olunduqları halda antiterror tədbirlərinin dayandırılacaq. Antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

İrəvandakı seçkilərin nəticələrindən, Paşinyanın intriqalarından və vurnuxmalarından asılı olmayaraq Azərbaycan separatizm bəlasından təmizlənəcək.

Tamamilə, birdəfəlik...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti