...

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur - Hikmət Hacıyev

Siyasət Materials 20 Sentyabr 2023 17:49 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur - Hikmət Hacıyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O, qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır: “Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırdı. Əfsuslar olsun ki, birtərəfli bəyanatların sülh gündəliyinə xidmət etdiyini düşünmürük”.

Prezidentin köməkçisi BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib.

O, qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir: ”Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq. Biz istəməzdik ki, bu kövrək vəziyyət daha da pisləşsin. Yəni bu iclasın keçirilməsinə ehtiyac yoxdur. Olarsa, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti