...

Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır

Siyasət Materials 21 Sentyabr 2023 20:20 (UTC +04:00)
Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin ingilisdilli ən böyük qəzeti olan "Daily Sabah" Trend BİA-nın baş redaktoru Emin Əliyevin Azərbaycan ordusu tərəfindən 19-20 senytabr tarixlərində keçirdiyi antiterror tədbirlərinin nəticələri barədə məqaləsini dərc edib.

Trend sözügedən materialı oxucuların diqqətinə çatdırır:

Azərbaycan Prezidenti İlham Əliyev 24 saat ərzində Azərbaycan tarixində yeni fəsil yazdı - bu, ölkənin bütün ərazisində suverenliyinin bərpa olunması fəsli oldu. Bununla eyni vaxtda dövlət başçısı başqa bir fəsli - işğal fəslini, 30 illik erməni işğalından əziyyət çəkən milyonlarla azərbaycanlının ağrı və faciəsinin fəslini - bağladı.

Sentyabrın 19-da saat 13:00 radələrində antiterror tədbirləri başlayanda bütün ölkə təxminlər irəli sürürdü: öz yüksək səviyyəsini sübuta yetirmiş Azərbaycan ordusunun erməni döyüşçülərin belini birdəfəlik qırması üçün neçə gün lazım olacaq? Məlum oldu ki, heç "günlər" lazım deyil. Bircə gün bəs etdi.

Azərbaycan ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin qalıqlarına və separatçıların qanunsuz birləşmələrinə dağıdıcı zərbə endirdi: ölkənin Müdafiə Nazirliyi 2020-ci ildən bəri artıq öyrəşdiyimiz və hərbi obyektlərin məhvini əks etdirən videolarla yanaşı, dronların səngərlərdən qaçan erməni əsgərləri çəkdiyi kadrları dərc etdi. 44 günlük müharibədə darmadağın olma təcrübəsi separatçılara yaxşı dərs olub: Azərbaycan ordusunu gördünsə sağ qalmaq üçün qaç.

Azərbaycan ordusunun qarşısına qoyduğu vəzifələri yerinə yetirmə sürəti heyrətamizdir. Lakin Azərbaycanın əsgər və zabitlərinin yüksək peşəkarlığından təkcə tədbirlərin sürəti deyil, həm də Azərbaycan ordusunun nə qədər dəqiq işləməsi xəbər verir. Prezident İlham Əliyev dünən xalqa müraciətində vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələrinə mülki infrastruktura zərbə endirməkdən çəkinmək və dinc əhaliyə zərər yetirməkdən qaçınmaq barədə sərəncam verib. Ali Baş Komandanın bu tapşırığı şərtsiz yerinə yetirilib.

Nə demək olar? Separatçılar öz şanslarını bilərək buraxdılar. Bu vaxtdan diversiya və təxribat üçün istifadə etdilər, revanşizmdən imtina etmədilər və hətta bir neçə "seçki" keçirdilər. Son həftələrdə isə separatçılar o qədər həyasızlaşdılar ki, sanki "dəmir yumruğun" nə olduğunu unutmuşdular.

Budur, Azərbaycan onlara bunu xatırlatdı.

Bu zaman Prezident İlham Əliyevin bir zamanlar dediyi daha bir sözü yada düşür: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Azərbaycan xalqı öz liderinə inandı, onun ətrafında birləşdi və bu ahəngdar birlik ölkəmizin bütün böyük qələbələrinin təməli, özülü oldu. Nə qədər çalışsalar da, heç nə və heç kim buna mane ola bilmədi. Bakıya bütün təzyiq cəhdləri uğursuz oldu, bütün dünyadakı lobbiçilərin şəbəkəsi aciz qaldı, pul da onlara kömək etmədi.

Kömək edə də bilməzdi: Prezident İlham Əliyev qarşısına vəzifə qoyursa, bu vəzifə yerinə yetirilir. Bu belə olub, belədir və belə də olacaq. Beynəlxalq təzyiqə uğurlu müqavimət bütün dünyanı Azərbaycanın mövqeyi ilə hesablaşmağa və Azərbaycan liderinin dediyi, etdiyi və tələbləri ilə hesablaşmağa vadar etdi.

İndi Qarabağın dinc əhalisinə dövlət başçısı tərəfindən daha bir şans verilir, bu onların dəqiq son şansıdır. İndi onlar qərar verməlidir: Azərbaycanın tərkibində qalacaqlar, yoxsa vətənlərinə gedəcəklər. Bu son seçimdən yararlanıb-yararlanmayacaqları isə vacib deyil.

Çünki Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər müzakirə olunmur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti