Bakı. Trend:
Azərbaycanda dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi üçün hüquqi-iqtisadi əsaslar müəyyənləşir.
Trend xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Dövlət Ehtiyatları Haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.
“Yəni vətəndaşlar tam əmin olacaq ki, hansısa situasiyada, səfərbərlik və ya fövqəladə hallarda həyati əhəmiyyət kəsb edən strateji məhsul qıtlığı olmayacaq və onlar dayanıqlı təmin olunacaq. Belə hallarda kəskin qiymət artımı olsa, dövlət bu ehtiyatlar vasitəsilə onun qarşısını alacaq. Qanunun başlıca mahiyyəti odur ki, o, vətəndaşlarımızın əminliyini bir daha artırır”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, qanunda strateji ehtiyatlatımızın nələrdən ibarət olacağı sadalanıb:
“Biz strateji mallardan söhbət açırıqsa, ən önəmli hesab edilən strateji ərzaqların adı qanunda olarsa, daha yaxşı olar. Hər bir vətəndaş bilər ki, hansı ərzaq stratejidir. Bunların ən önəmlilərinin qanunda adlarının öz əksini tapması vacbidir.
Düzdür, Nazirlər Kabineti bu siyahını açıqlayacaq. Amma o siyahı əsasən mütəxəssislər üçündür. Qanun bütün ictimaiyyət üçündür. Eyni zamanda, qanunda su ehtiyatlarının da ayrıca adının verilməsi çox yaxşı olar. Söhbət təkcə qablaşdırılmış sulardan yox, ümumən su ehtiyatlarımızdan gedir. Strateji məhsul olaraq su ehtiyatlarımızın da adının qanunda göstərilməsi daha yaxşı olar.
Eyni zamanda, qanuna həmin məhsulların qənaətlə isitfadə edilməsi üçün bir maddə əlavə edilməlidir. Bu qənaətlə istifadə prosedurlarını pozanlar hansısa formada məsuliyyət daşımalıdır. Bunların artırılması qanunu daha da mükəmməl edər”, - deyə deputat əlavə edib.