Bakı. Trend:
Kənar güclərin bütün cəhdlərinə və planlarına rəğmən, Azərbaycan regiondakı imkanları ilə çəkisini fasiləsiz artırır, liderlik mövqeyini daha da gücləndirir
Xankəndindəki separatçı xuntanın mövcudluğuna son qoyulandan sonra Azərbaycan ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını bərpa etməklə yanaşı, Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiyaları formalaşdırdı.
Bəs bundan sonra nə olacaq?
Qarabağla bağlı ən çətin sualları cavablamağa çalışaq.
Qarabağlı ermənilər geri qayıdacaqmı və ya qayıda bilərlərmi?
Təbii, qarabağlı ermənilərin geriyə, ölkəmizə qayıtmaları mümkündür və rəsmi Bakı buna qətiyyən etiraz etmir. Lakin qayıdışın beynəlxalq hüququn prinsiplərinə uyğun şərtləri var:
1. Qarabağlı ermənilər Ermənistan pasportlarından imtina etməli, Azərbaycanın ümumvətəndaş pasportlarını almalı, ölkə vətəndaşları olmalı və mövcud qanunvericiliyin bütün tələblərinə qeyd-şərtsiz riayət etməlidirlər
2. Qarabağlı ermənilər qayıtmaq niyyətinə düşsələr, bu prosesi yalnız iki ölkə - Azərbaycan və Ermənistan tənzimləməli, kontrolda saxlamalıdır. Azərbaycan - həmin ermənilərin qayıdacaqları və vətəndaşları olacaq ölkə, Ermənistan - onların tərk etdikləri və soydaşlarının yaşadıqları ölkə kimi.
3. Qarabağlı ermənilərin qayıdışı heç bir halda "onların hüquq və təhlükəsizliklərinin təminatına nəzarət edəcək beynəlxalq müşahidəçilər qrupu" ilə müşayiət oluna bilməz, olunmayacaq da. Habelə, "qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatı üçün regiona beynəlxalq sülhməramlı-müşahidəçi hərbi kontingent"in yerləşdirilməsi də illüziyadır. Azərbaycan buna imkan verməyəcək.
... Bəhs etdiyimiz proses normal halda baş tuta bilər, amma ehtimal azdır. Fransa mütləq şəkildə müdaxilə etməyə və hadisələri özünə əlverişli məcraya yönəltməyə çalışacaq.
Mümkün ssenarilərdən biri Ermənistanda təqribən 3-4 min qarabağlı erməninin Azərbaycana qayıtmaq istəklərini bəyan etmələri və rəsmi İrəvanın dərhal "qayıdışa start vermək"lə bağlı prosedurlara başlamasıdır. Eyni zamanda, İrəvandakı proseslərə paralel olaraq Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan yararlanaraq sözügedən strukturda "qarabağlı ermənilərin qayıdışı" ilə bağlı müzakirə tələbi ilə çıxış edəcək, müvafiq qətnamənin qəbuluna çalışacaq. Parisin məqsədi Azərbaycana qayıtmaq niyyətini bəyan edən ermənilərin "beynəlxalq müşahidə-müdafiə missiyası" ilə geri dönmələrinə nail olmalıdır.
Rusiya Sülhməramlı Kontingenti indi nəyə gərəkdir?
Qarabağlı ermənilərin tam əksəriyyətinin Azərbaycan ərazisini könüllü tərk edərək Ermənistana getmələrini, yəni könüllü repatriasiyalarını nəzərə alsaq, cəmiyyətimizdə "rusiyalı sülhməramlıları da çıxarmaq gərəkdir, onların xidmətlərinə, Azərbaycanda qalmalarına artıq zərurət yoxdur" tipli fikirlər var.
44 günlük İkinci Qarabağ Müharibəsinin ermənilərin kapitulyasiyası ilə başa çatmasından sonra Rusiyanın Sülhməramlı Kontingenti (RSK) o zaman qarabağlı ermənilərin kompakt yaşadıqları ərazilərə yeridilmişdi.
Qarabağlı ermənilərin lokal antiterror tədbirlərindən sonra Xankəndindəki xuntanın aqoniyasını görərək və Ermənistanın hakimiyyət dairələri ilə siyasətçilərinin vədlərinə aldanaraq Azərbaycanı tərk etdilər.
Lakin bu proses indi Ermənistanda səslənən və Ermənistana havadarlıq edən dövlətlər, təşkilatlar və siyasətçilərin dediklərinin tam əksinə olaraq, "etnik təmizləmə" deyil.
Avropa İttifaqının İspaniyanın Qranada şəhərində keçirilmiş sammitində Fransanın təşəbbüsü və ssenarisi ilə gerçəkləşən, "beştərəfli format" adlandırılsa da, Azərbaycanın iştirakı olmadan keçmiş müzakirələrdən sonra qəbul edilmiş bəyanatda da qarabağlı ermənilərin Ermənistana yollanması "kütləvi köç" adlandırılıb.
Belədirsə, Fransa prezidenti Emmanuel Makron, onun administrasiyası, fransalı siyasətçilər, media və s. hansı məntiqlə, əsasla və əxlaqla "etnik təmizləmə"dən bəhs edirlər? Sualın ritoriklik dərəcəsi çox azdır.
RSK da Azərbaycana bəhs olunan məqamlarla yanaşı, kollektiv Qərbin mövcud təzyiqlərinin və bundan sonrakı pressinqinin qarşısını almaq üçün gərəkdir. Bir məqamı anlamalıyıq: rusiyalı sülhməramlılar indikii vəziyyətdə, mövcud şəraitdə Azərbaycanı tərk etsələr, Fransa mütləq şəkildə BMT Təhlükəsizlik Şurasında yeni qətnamə qəbuluna çalışaraq Azərbaycana BMT-nin sülhməramlı kontingentinin göndərilməsinə çalışacaq. Və təbii ki, həmin kontingentdə əsas yeri Fransa tutacaq.
RSK məhz bu baxımdan Azərbaycana sərfəlidir. Hazırda Qarabağda rusiyalı sülhməramlılar var, BMT missiyası da monitorinq aparır.
BMT mənsublarının təşkilatın Bakı ofisinin əməkdaşları və ya Parisdən gəlmiş olmaları fərq etməz - əsas missiyanın formalaşmış qrupudur ki, BMT maşınlarında, BMT bayrağı ilə hərəkət edirlər və hamısı da BMT mənsublarıdır.
Qarabağlı ermənilərin reinteqrasiyası necə olacaq?
Ümumiyyətlə, reinteqrasiya prosesi üç mərhələdən ibarətdir:
1. Siyasi reinteqrasiya
2. Ərazilərin reinteqrasiyası
3. Yerli sakinlərin reinteqrasiyası
Lokal antiterror tədbirlərindən sonra rəsmi Bakı siyasi reinteqrasiyasya start verdi və az sonra Xankəndindəki separatçı xunta bütün "hakimiyyət struktur"larını buraxdığını bəyan edərək mövcudluğuna son qoydu.
Ərazilərin reinteqrasiyası ikinci mərhələ oldu. Əgər həmin mərhələyədək Ağdamdan Kəlbəcərə getmək üçün müxtəlif marşrutlar seçərək müəyynələşdirmək, yaxud Zəngilandan Gəncəyə yollanmaq üçün dağlıq ərazilərdə tunellər inşa etmək gərəkirdisə, indi Azərbaycan bütün (!) ərazisində suverenliyini və bütövlüyünü bərpa edib.
Ərazilərin reinteqrasiyası da başa çatdığından, hazırda gündəmdə olan proses qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Bəhs olunan proses gedir.
RSK indiyədək üç il mandatsız fəaliyyət göstərib və 2025-ci ilədək də həmin qaydada "yerdə" qala bilər.
Rusiyanın RSK-nı mümkün qədər çox saxlayaraq, Azərbaycan ərazisində hərbi baza yaratmaq istəyi barədə iddialara gəldikdə isə, bütün bunlar bəsit demaqogiyadır.
Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində heç bir xarici ölkənin hərbi bazası ola bilməz.
Sonda onu da unutmayaq ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, veto hüququna malikdir və böhran içində olsa da, Qərbin sanksiyalarına və təzyiqlərinə məruz qalsa da, beynəlxalq geosiyasətin mövcud arxitekturasının, konstruksiyasının üzvüdür.
Azərbaycan xarici siyasətində risk menexmenti prinsipi ilə, yəni rasional və praqmat taktika ilə davranır. Məhz bu səbəbdən regional geosiyasi oyunçuların mövqeləri nəzərə alınmaq şərtilə davranmalıyıq.
Siyasətimiz səbatlı, praqmat və soyuqqqanlıdır.
Sadəcə, səbrli olmalıyıq.