...

ATƏT PA-nın prezidenti ilə DTX-də görüş keçirilib (FOTO)

Siyasət Materials 14 Noyabr 2023 15:03 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Qarabağda aparılmış hərbi əməliyyatlardan sonra Cənubi Qafqaz regionunda hökm sürən hazırkı durum, Qarabağ ərazisində insanların təhlükəsiz şəkildə yaşamasının təmin edilməsi, həmin bölgənin yüksək həddə minalarla çirkləndirilməsinin doğurduğu fəsadlar və münaqişə nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin taleyinin qeyri-müəyyənliyi əsas müzakirə mövzusu olmuşdur.

Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd etmişdir. Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanmışdır.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşməsi məsələsinə toxunan Əli Nağıyev bildirmişdir ki, torpaqlarımızın işğaldan azad olunması onların axtarışını asanlaşdırsa da, lakin bununla belə xeyli sayda soydaşımızın taleyinə aydınlıq gətirmək hələ də mümkün olmamışdır. Ermənistan bu istiqamətdə də qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Dövlət Komissiyasının sədri Əli Nağıyev bütün bunlara baxmayaraq, Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmədiyini, daima qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan erməni əsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət verdiyini, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh müqaviləsinin imzalanmasının vacib olduğunu demişdir.

Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılmışdır.

ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti