Bakı. Trend:
“Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək, Qlobal kontekst və ədalətli həll” mövzusunda 2023-cü il dekabrın 5-də Bakı şəhərində öz işinə başlamış beynəlxalq konfransda panel müzakirələri keçirilib və işini yekunlaşdırıb.
Trend xəbər verir ki, Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi tarixi və miqyası” mövzusunda keçirilmiş paneldə çıxış edən Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən İcmanın Qayıdış Konsepsiyasının mahiyyəti barədə konfrans iştirakçılarına məlumat verib. Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edərək, İcmanın sülhsevər yanaşmasını təqdir edib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Nazim Mustafa, ADA Universitetinin əməkdaşı Maksim Quin, Türkiyənin Ankara Universitetinin professoru Yıldız Bozkuş, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əli Əsgər Ermənistandan azərbaycanlıların qovulması mövzusu üzrə elmi məruzələrlə çıxış ediblər.
“Qayıdış hüququ və repatriasiya: Hüquqi və siyasi çərçivə” mövzusunda 2-ci paneldə çıxış edən Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı Prof. Panayotis Qlavinis, İtaliyanın Peruca Universitetinin əməkdaşı Dr. Daniel Pomye Vinçelli, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Professor Antonio Stanqo, Tirana Jurnalistika peşəkarlığı Mərkəzinin icraçı direktoru Dr. Krisafi Ledion çıxışlarında dünyada köçkünlük problemi və qayıdış hüququ mövzularına toxunublar.
“Qayıdış hüququ, nailiyyətlər və praktikada çətinliklər” adlı sonuncu paneldə çıxış edən İndoneziya Üləma Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Səfir Bunyan Saptomo, “Ortaq Gələcəyə Malik İcma” Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm, “Əlcəzair-2” Universitetinin professoru Çakib Benhafri, İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi, Rusiyanın "BRICS və Şanxay Əməkdaşlığı Təşkilatı" İnnovativ Diplomatiya Mərkəzinin baş direktoru Nina Ladıqina-Qlazunova, Macarıstanın Dövlət Qulluğu Universitetinin əməkdaşı Dr. Zoltan Eqeresi müxtəlif regional kontekstlərdə qaçqınlıq və məcburi köçkünlük və geri qayıtma halları barədə məruzələrlə çıxış etmişlər. Fransanın müstəmləkə dövründə Əlcəzairdə törətdiyi insanlıq əleyhinə cinayətlər və əhalinin məcburi köçürmə siyasəti barədə Prof. Çakib Benhafrinin çıxışı iştirakçılar arasında xüsusilə maraqla qarşılanıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov yekun nitqi ilə çıxış etmişdir. Professor Mərdanov fəal iştiraklarına görə natiqlərə və iştirakçılara təşəkkür edib. Müşahidə Şurasının sədri bildirmişdir ki, konfransda aparılmış məzmunlu müzakirələr bu tədbiri geri qayıtmaq hüququ ilə bağlı dialoq üçün mühüm bir beynəlxalq formata çevirib. M. Mərdanov bu konfransın hər il keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib və konfransın davamını təşkil edən konkret fəaliyyətlərin, o cümlədən, konfrans materiallarının nəşrinin və bu mövzuda tədqiqatların dəstəklənməsinin planlaşdırıldığını bildirib.
M. Mərdanov bildirib ki, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sülh və ədalətin bərqərar olması üçün mühüm şərtdir. O, qeyd edib ki, Ermənistan tərəfi etnik müxtəlifliyə və birgəyaşayışa əsaslanan sülhün alternativi olmadığını anlamalıdır.
Tədbir bununla başa çatıb. Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edib.
xxx
15:00
2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən Beynəlxalq Konfrans öz işinə başlayıb.
Trend xəbər verir ki, tədbirin açılışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakaya və Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd çıxış ediblər.
Konfransı giriş sözü ilə açan sədr Ə. Ələkbərli beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə bu mötəbər Beynəlxalq Konfransın keçirilməsinin çox əlamətdar hadisə olduğunu vurğulayıb.
Ə. Ələkbərli çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması və onun sələfi - 1989-ci ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat vermişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq konvensiyalarla tanınmış olan qayıdış hüququnun İcmanın fəaliyyətinin əsas məqsədini təşkil etdiyini bildirən sədr, bu məqsədə dialoq yolu ilə nail olmaq əzmində olduqlarını bildirib.
Ə. Ələkbərli özünü insan haqlarının carçısı adlandıran bəzi
qüvvələrin beynəlxalq hüquqla tanınmış olan qayıdış hüququnun kimə
verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət”
uydurduqlarına diqqət çəkərək, belə ikili standartlar və
ayrı-seçkilik cəhdlərinin yolverilməz olduğunu bildirmişdir.
Sədr Ə. Ələkbərli Qərbi Azərbaycan İcmasının beynəlxalq hüququn
norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və
suverenliyinə hörmət etdiyini bildirmişdir. O, Ermənistandan
didərgin salınmış azərbaycanlıların dinc yolla öz evlərinə qayıtmaq
tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl
gətirən hal kimi qələmə verilməsinin yolverilməz olduğunu qeyd
etmişdir. İcmanın sədri qayıdış məsələsi üzrə Ermənistan hökuməti
ilə birbaşa dialoqa hazır olduqlarını bir daha bəyan etmiş və
Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq
siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca
dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real
addımlar atmağa çağırıb.
Sədr Azərbaycan Respublikası hökumətinin sülh və barışıq səylərini təqdir etmiş və Qərbi Azərbaycan İcmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.
AK Partinin sədr müavini, TBMM-in üzvü Zafer Sırakaya bu il 100-cü ildönümü qeyd edilən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə yad edərək, Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açmış və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan natiq, Ermənistandan azərbaycanlılarn qovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürək ağrısı ilə qeyd etmişdir. Z. Sırakaya Ermənistandan qovulmuş azərbaycanlıların İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq öz evlərinə qayıtmaq haqqı olduğunu vurğulayıb.
AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirmişdir. Z. Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq, gələcəyə baxmaq zamanı gəldiyini qeyd etmiş və Azərbaycanın sülh səylərinə dəstək ifadə edib.
Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd öz çıxışında beynəlxalq aləmdə köçkünlük problemi, onun səbəbləri və miqyası haqqında düşüncələrini bölüşmüşdür. Qaçqın düşmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən natiq, Azərbaycanın məcburi köçkünlərin qayıdışı və reinteqrasiyası sahəsində təcrübəsinin maraq kəsb etdiyini bildirib.
Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam etdirir.
Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edir.