...

“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 16 Mart 2024 17:59 (UTC +04:00)
“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 16-da XI Qlobal Bakı Forumu çərçivəsində sonuncu panel iclası keçirilib.

Trend xəbər verir ki, Forumun son panel iclası “Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gənc lideri Assen Plevnelievin moderatorluğu ilə keçirilən tədbirdə gənclərin dünyadakı qlobal problemlərə və onların həllinə baxışları müzakirə edilib.

“McKinsey & Company” şirkətinin idarəçilik üzrə müşaviri Adelin Suvana ətraf mühitə həsr olunmuş layihəsi barədə forumun iştirakçılarını məlumat verib. Diqqətə çatdırıb ki, gənclərin səsi ucaldılmalıdır.

Çinin “Schwarzman Scholars” proqramının üzvü Çengkai Siye öz növbəsində bir milyard uşağın iqlim dəyişmələrinin təsirinə məruz qaldığını qeyd edib. Deyib ki, dünya bununla barışmamalıdır. Ümumi gərginliyin günbəgün artığını bildirən Çengkai Siye bunun gənclərin də həyatına təsir göstərdiyini diqqətə çatdırıb.

“Qlobal Bakı Forumu çox gözəl tədbirdir və burada onlar öz səslərini eşitdirə bilər”, - deyən gənc lider əlavə edib ki, enerji əsaslı həyat tərzinin bərpaolunan enerji əsaslı həyat tərzi ilə əvəz olunması bəşəriyyət qarşısında yeni səhifəsinin açılmasına xidmət göstərəcək.

“Capitakk solutions” şirkətinin meneceri Manthan Şah gənclərin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarəçilərindən ruhlandıqlarını deyib. O bildirib: “Azərbaycanın ev sahibliyi etdiyi bu Forumda biz artıq əməli addımlar barədə düşünməliyik. Bu cür konfranslar problemlərin çox qısa müddətdə həllinə yönəldilməli, iddialı layihələr reallaşdırılmalıdır. Məqsədlərin yerinə yetirilməsi ilə bağlı son tarixlər müəyyənləşdirilməlidir”. Nizami Gəncəvinin Azərbaycanın müdrik şəxsiyyətlərindən biri olduğunu vurğulayan Manthan Şah gənclərin onun sözlərindən ruhlanaraq gələcəyə inamla addımlamalı olduqlarını diqqətə çatdırıb.

Avstriya Xarici İşlər Nazirliyinin inteqrasiya üzrə səfiri Elnara Maria Abdalla enerji keçidi haqqında danışıb. O, bir çox ölkələrin təcrübəsindən faydalanmağının vacibliyini qeyd edib. Yaşıl enerjiyə keçidin Afrika, Asiya, Latın Amerikası üçün problem yaratdığını bildirib. Elnara Maria Abdalla Azərbaycanda keçiriləcək COP29-un böyük fürsətlər yaradacağını söyləyib.

İtaliyanın Trieste Universitetinin Beynəlxalq və diplomatik elmlər fakültəsinin məzunu Mitya Husu insanların və təbii proseslərin düzgün idarə edilməsinin məqsədəuyğun olduğu qeyd edib. Bildirib ki, qlobal problem olan iqlim dəyişikliyi ilə bağlı islahatlar aparılmalı, onun öz təsirini daha çox göstərdiyi su ehtiyatları düzgün idarə edilməlidir. BMT-nin müəyyən etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmalıdır.

Çıxışlarda, həmçinin pandemiyadan və müxtəlif dövrlərdə yayılan epidemiyalardan çıxarılmalı dərslərin, səhiyyə sisteminin növbəti pandemiyaya qədər rəqəmsallaşdırılmasının önəmi vurğulanıb.

Müzakirələr zamanı gənclərin məşğulluğunun təmin olunması məsələsinə də toxunulub. Bildirilib ki, gənclərin işlə təmin olunma səviyyəsinin yetəri qədər olmadığına görə onlar pul qazanmaq üçün müxtəlif yollara əl atırlar. Bəzən isə belə gənclər radikal təşkilatların, terror qruplaşmalarının sıralarına cəlb olunurlar.

Bununla da “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb.

xxx

08:57

Azərbaycan paytaxtında keçirilən “Parçalanan dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun sonuncu günüdür.

Trend xəbər verir ki, forumun son günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı dörd panel iclası keçirlir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti