Bakı. Trend:
Qazaxıstan Baş prokurorunun müavini Jandos Umiraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Azərbaycana işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan Trend-ə
verilən məlumata görə, heyət Bakıda keçiriləcək Xəzəryanı
dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli
görüşündə iştirak edəcək.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında
müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin
möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoqun
mühüm rol oynadığını vurğulayıb. Cari ilin 11-12 mart tarixlərində
Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində
işğaldan azad edilmiş Füzuli rayonunda Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xalqlarımızın
qardaşlığının daha bir göstəricisi olduğu qeyd edilib.
Həmçinin, Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin
prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın
yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin
bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə
edib.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, 2023-cü
ildə isə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli
antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam
şəkildə bərpa olunduğu,dövlət başçısının və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə
Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin
aparıldığı barədə qonaqları məlumatlandırıb.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un
ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana
olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya
miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu
xüsusilə vurğulayıb.
Kamran Əliyev cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində
Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və
ümumi yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı
qazaxıstanlı həmkarı Berik Asılova dəvət məktubu ünvanladığını
bildirib.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Jandos Umiraliyev iki
ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun
məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə
bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.
Baş prokurorun müavini Xəzəryanı dövlətlərin baş prokurorluqlarının
nümayəndələrinin beştərəfli görüşünün vacibliyi vurğulayaraq,
qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam
etdiriləcəyinə əminlik ifadə edib.