Bakı. Trend:
Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, İran baş prokurorunun müavini Qolam Abbas Torki, Qazaxıstanın baş prokurorunun müavini Jandos Umiraliyev, Rusiyanın baş prokurorunun müavini Pyotr Qorodov, eləcə də Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak ediblər.
Beştərəfli görüşdə baş prokuror Kamran Əliyev Baş Prokurorluq tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkil ediləcəyini qeyd edib, həmçinin müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığının daha da artdığını vurğulayıb.
"Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən bizim xalqlarımızın inkişafında öz rolunu oynayıb. Onun təbiətinin mühafizəsi və biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi bizim mənəvi borcumuzdur. Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir", - deyə K.Əliyev əlavə edib.
Baş prokuror həmçinin Ermənistanın işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törətdiyini bildirib.
O bildirib ki, hazırda bu cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır:
"Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq. Ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq", - deyə baş prokuror vurğulayıb.
Görüş çərçivəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, Xəzər dənizinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətləri arasında yer alır.
"Xəzər dənizi planetimizin unikal su obyekti olmaqla, qlobal əhəmiyyətli və sahilyanı dövlətlərin xalqları üçün dəyər kəsb edən zəngin təbii sərvətləri ilə tanınır. Hazırda Xəzər dənizi həll olunmamış ekoloji problemlərin mənfi təsirləri ilə əlaqədar bir sıra problemlərlə üzləşir. Bioresursların tükənməsi, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim dəyişikliyi səbəbinən dəniz səviyyəsinin uzunmüddətli azalması dəniz ekosistemlərinin deqradasiyasına səbəb olur", - o deyib.
Nazir müavini həmçinin Azərbaycanın Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimallaşdırılması üzrə tədbirlər gördüyünü və bu cür tədbirlərdən biri xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin yaradılması olduğunu vurğulayıb.
İran baş prokurorunun müavini Qolam Abbas bildirib ki, Xəzər dənizinin biomüxtəlifliyi qorunmalıdır, həmçinin Xəzər dənizinin mühafizəsi üçün milli səviyyədə idarəetmə vasitələri formalaşdırmaq lazımdır və bu iş ciddi koordinasiya tələb edir.
Qazaxıstanın baş prokurorunun müavini Jandos Umiraliyev dəöz növbəsində Xəzər dənizinin saysız-hesabsız təbii sərvətlər mənbəyi olduğunu bildirib və Xəzər dənizinin ekosisteminin müdafiəsi üçün təcrübəni inteqrasiya etməyə çağırıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)