Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sentyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəd tərəfindən qəbul olunan müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda qeyd edilib ki, araşdırma zamanı dairənin 2, 14 və 20 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və səsvermənin nəticələri ləğv edilməlidir.
Təklif səsə qoyularaq təsdiq edilib.
Əlavə edilib ki, üç məntəqədə seçkilərin nəticələrinin ləğv edilməsi dairə üzrə ümumi nəticələrə təsir göstərməyib.
Qeyd edək ki, sözügedən dairədən deputat olmaq üçün 8 namizəd mübarizə aparıb. Asim Mollazadə, Xaliq Hüseynov, Cahandar İsmayılov, İlqar Məmmədov, Xəyalə Əhmədova, İlham Ağayev, Ədviyyə Rəsullu, Ramil Şirinovun namizdə olduğu dairədə Asim Mollazadə qalib gəlib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.