Bakı. Trend:
ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq, Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıblar.
Trend 43 deputat tərəfindən imzalanmış məktubun mətnini təqdim edir:
“İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranmışdır. Otuz illik işğala və haqsızlığa son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini təmin etmişdir.
Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.
Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.
Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın
COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana
hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və
Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də
bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu
qəbildəndir.
Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət
Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur.
Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində
vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün
özləri özlərinə məktub yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla
dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa
buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu
müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin
ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində
maraqlı olmadığını göstərir.
Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa
riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən
müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər
müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc
insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz
qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini
xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm
insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə
qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin
ABŞ-dir.
Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmışdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.
2020-ci il Vətən Müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar, ABŞ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar.
Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən
Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi
Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı
müraciətlərə heç bir reaksiya vermir?
Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini
Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər. Azərbaycanı sülh
müqaviləsini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər
nədən sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini,
elə onun mətninin də məhz Azərbaycan tərəfindən tərtib edildiyini
“yaddan” çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə
qarşı ərazi iddiasının yer almasını pisləmirlər?
“Azərbaycanda həll olunmamış ərazi münaqişələri” dedikdə
konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll
olunmuşdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ
münaqişəsini həll etmişdir və Azərbaycandan min kilometrlərlə
uzaqlarda oturanların fərqli fikirləri reallığı dəyişmir.
Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönmüşdür
və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa
edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan
azərbaycanlılardır.
Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq Qarabağın siyasi
liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir,
Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli
hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı
soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara
viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar
bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi bilinməyən 4 min
azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!
Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il
başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş,
milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi
caniləri mühakimə etməmiş, əksinə onları qəhrəmanlaşdırmış bir
ölkədir.
Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutmuşdur. Azərbaycan daha çox ABŞ-ni maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-nin xahişi ilə NATO-nun əməliyyatlarına töhfə vermiş və həmin əməliyyatlarda ləyaqətlə iştirak etmişdir. Bir sözlə, Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışdır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası kəsilmir. Bu həmin ABŞ-dir ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işğal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilən müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına, Azərbaycanın yüzlərlə şəhər və kəndinin viran qoyulmasına və ərazilərimizdə milyonlarla minanın basdırılmasına göz yummuşdur. ABŞ faktiki olaraq Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq etmişdir.
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək
münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişəni yenidən
alovlandırmaq üçün hərəkətə keçmişdir. ABŞ və onun təşəbbüsü ilə
bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı
ayırmış, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin
edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe
tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5
aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq
Ermənistana yeni müharibə tapşırığı verilmişdir. Bununla da ABŞ
Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xəttlər
yaradır.
Bu kontekstdə, ABŞ Konqresi üzvlərinin dövlət katibi Entoni
Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan
şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək
əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir
tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və
ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas
götürərək hesab edirik ki, ABŞ tərəfinin sözügedən addımlarına
cavab verməyin vaxtı çatmışdır. Dövlət Departamentini Azərbaycana
və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə
xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr
bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə,
böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun
iradəsinə zərrə qədər belə təsir edə bilməz. Əksinə bu kim
əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu
daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının
ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini
ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz,
gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin
səbatsızlığını göstərir.
Bununla əlaqədar olaraq, Sizdən Azərbaycan və ABŞ arasında
münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı
addımları həyata keçirməyi xahiş edirik: "Azərbaycan və ABŞ
arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə
imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi
və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə
imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika
Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın
alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin
uzadılması üzrə danışıqların dərhal dayandırılması; ABŞ-nin
Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin
qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən
bütün layihələrin dayandırılması və yeni layihələrə icazə
verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son
qoyulması”.