Bakı. Trend:
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) star verilir.
Trend xəbər verir ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda tədbirin rəsmi açılış mərasimi baş tutacaq.
Daha sonra noyabrın 12-13-də İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Zirvə Toplantısı baş tutacaq. Bu böyük tədbir noyabrın 22-dək davam edəcək.
Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.