Bakı.Trend
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Trend xəbər verir ki, tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.
Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxış edərək bildirib ki, AŞPA və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar.
O qeyd edib ki, bu gün bir sıra ölkələrdə parlamentlər ikili standartlar alətinə çevirilib.
"Bunun əsas səbəbləri isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlarına uyğun siyasət yürütməsidir", - S. Qafarova əlavə edib.
Sədr bildirib ki, bütün müsəlman Şərqində o dövrün ən mütərəqqi demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan parlamenti fəaliyyəti zamanı milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıb.
“Həmin parlament cəmi 17 ay fəaliyyət göstərdi. Bununla belə, 11 müxtəlif partiyanın təmsil olunduğu 99 üzvü olan parlament həmin dövrdə 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edilib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması nəticəsində parlament də fəaliyyətini dayandırdı. Azərbaycanda sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi və bununla belə formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı”, - deyə o əlavə edib.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib ki, Azərbaycan parlamentinin 106 il dönümündə iştirak etməkdən çox qürurludur.
"Son parlament seçkilərinin müvəffəqiyətlə keçirilməsinə görə sizə uğurlar arzulayıram", - o deyib.
O bildirib ki, Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verənlər əlaqələrimizin daha da gücləndirilməsini labüd edir.
“Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”, -deyə o qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə vurğulayıb ki, xalqlarımız hər zaman bir-birinin yanında olub.
O bildirib ki, başda Qarabağ Zəfəri olmaqla, hər bir sahədə bu həmrəyliyi görmək mümkündür:
"1918-ci ildə Nuru Paşanın qardaşları ilə birlikdə Bakını xilas etdiyi kimi, bu mübarizədə Türkiyə hər zaman Azərbaycanımızın yanında olub. Eləcə də Qarabağ savaşında da Türkiyə Azərbaycanla həmrəy olub. Öz dövlətlərinin torpaqlarını qanla sulayan şəhidlərimizə Allah rəhmət etsin. Şükürlər olsun ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Çox xoşbəxtik ki, bu gün müstəqil Azərbaycan Respublikasında bir yerdəyik”.
Əlavə olaraq Türkiyə Böyük Millət Məclisindəki Qrupunun sədr müavini Murat Emir çıxışı zamanı deyib ki, Rusiya və Ukrayna arasındakı müharibə Avrasiyada yükdaşımaları təxirə salmışdı.
O bildirib ki, bu, Cənubda da təchizat zəncirinə mane olmuşdu.
"Buna görə də Orta Dəhlizin - Tarixi İpək Yolunun canlandırılması böyük əhəmiyyətə malikdir. Bakı-Tblisi-Ceyhan dəmiryolu xətti daşımaların davamlı olmasına öz töhfəsini verir. Zəngəzur dəhlizinin açılması ilə bu fəaliyyət daha da əhəmiyyətli hal alacaq. - deyə Murat Emir vurğulayıb.
İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi isə qeyd edib ki, Azərbaycan Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib.
“Eyni zamanda iraqlılar üçün çətin dönəmdə - İŞİD-in İraqı ələ keçirdiyi dövrdə Türkiyə iraqlıların yanında oldu, buradan onlara da təşəkkürümü edirəm. Türkmən eli kürəyini hər zaman Türkiyəyə və Azərbaycana söykəyir. İraqın TDT-də müşahidəçi üzv ölkəsi olmasının lazım olduğuna inanıram. Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Onun qələmi təkcə türkmən elinin deyil, bütün islam aləminə işıq tutub. Biz də iraqlılar olaraq, Məhəmməd Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də səfirliklərinizi Bağdadda açın. Azərbaycan kimi siz də səfirliyinizi orada açın”, - deyə o əlavə edib.
Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov da öz növbəsində deyib ki, bu gün keçirilən beynəlxalq konfrans Azərbaycan parlamentarizminin inkişafına, eləcə də Rusiya ilə Azərbaycanın çoxşaxəli əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
Onun sözlərinə görə, bu beynəlxalq konfransın keçirilməsi yalnız Azərbaycan parlamentarizminin mənşəyinə müraciət deyil, həm də respublikada demokratik dəyişikliklərin pionerlərinə hörmət ifadəsidir. Bu, keçmişlə bu gün arasında körpü yaratmaq, nəsillərin davamlılığını nümayiş etdirməkdir ki, bu olmadan gələcək mümkün deyil.
Daha sonra Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darhan Kıdırali çıxış edib.
O bildirib ki, Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələr dərinləşməyə davam edir.
"Prezident Kasım-Jomart Tokayev Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Cari ilin əvvəlindən etibarən müxtəlif beynəlxalq platformalarda bir neçə görüş keçirilib, bir sıra razılaşmalar və müqavilələr, eləcə də ikitərəfli sənədlər imzalanıb", – deyə o əlavə edib.
Qeyd edək ki, konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək. Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.
Beynəlxalq konfrans dekabrın 8-də yekunlaşacaq.