Bakı. Trend:
Xəbər verildiyi kimi, fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İclasda qeyd olunub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.