Bakı. Trend:
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı - D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması yeni geosiyasi çağırışlar fonunda mühüm əhəmiyyətə malikdir.
Trend xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının Konstitusiya və Suverenlik ilinə həsr olunan “Bəsirətin zəfəri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycanın xarici siyasətinin əsas prioriteti türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələri inkişaf etdirərək Türk Dövlətləri Təşkilatını daha da gücləndirməkdir.
“Hazırda ölkəmizin fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, yeni perspektivlər yaradır.
Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, bütövlükdə Türk dünyasında inteqrasiyanın güclənməsini də şərtləndirəcək.
Bütün bunlar isə yeni dünya nizamı şəraitində Avrasiyada, xüsusilə də Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verərək uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaq”, - deyə T.Budaqov qeyd edib.