Bakı. Trend:
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ siyahısına çoxmillətli nominasiya kimi (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) daxil edilmiş Novruz bayramı qurumun mənzil-qərargahında təntənə ilə qeyd edilib.
Trend xəbər verir ki, bayram tədbiri Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, İran, İraq, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirin təşkilat komitəsinin rəhbəri qismində Qırğızıstanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Sadık Şer-Niyaz çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.
UNESCO-nun baş direktorunun müavini Şinq Qu 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruzun müxtəlif xalqları birləşdirməsindən, sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirməsindən, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğundan danışıb.
Tədbirə qatılan UNESCO-nun Baş direktoru Odri Azuley hər kəsi Novruz bayramı münasibətilə təbrik edib. O, dünyanın müxtəlif yerlərində yaşayan insanların çətin dönəmdən keçməyinə baxmayaraq, bu gözəl bayramın yenilənmə, arzular, təbiətin oyanması, ailələrimiz və dostlarımız ilə görüşlər, ümid rəmzi olduğunu bildirib. Daha sonra Baş direktor ölkələrin hazırladıqları bayram süfrələrinə yaxınlaşaraq, onlarla yaxından tanış olub.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Elman Abdullayev qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib.
Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə milli rəqsimiz təqdim olunub. Zalda böyük ekranlarda hər bir ölkənin Novruz adət-ənənələrinə dair video yayımlanıb. Daha sonra təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.