...

Azərbaycanla İran arasında tranzit imkanları genişlənəcək - ŞƏRH

Siyasət Materials 30 Aprel 2025 12:24 (UTC +04:00)
Azərbaycanla İran arasında tranzit imkanları genişlənəcək - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avrasiya məkanında Azərbaycanın yeri və tranzit imkanları getdikcə artmaqdadır. Şimal-Cənub dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutunun yaranması ölkəmizə bir çox üstünlüklər gətirəcək.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında nəqliyyat dəhlizləri və yolları barədə Şimal-Cənub, Cənub-Qərb istiqamətlərini qeyd etmək olar.

"Şimal-Cənub dəhlizi üzrə Xəzər dənizi boyu avtomobil yolu artıq tikilib. Bir hissəsi olan R8 Tağıyev yolu qalıb ki, onun da təkmilləşdirilməsi nəzərdə tutulub. Amma ümumi olaraq 500 km məsafəni əhatə edən yol artıq istifadəyə verilib. Sərhəd-keçid məntəqələri də təkmilləşdirilib və həmin istiqamətdə yollar tikilib".

Ekspert qeyd edib ki, digər önəmli layihələrdən biri də Zəngəzur dəhlizi istiqamətidir.

"Bu dəhlizin dublyoru Araz dəhlizidir. Bu istiqamətdə də Zəngilan rayonunun Ağbənd qəsəbəsində tikilən körpünü qeyd edə bilərik. Həmçinin, bu istiqamətdə fəaliyyət göstərəcək yollar Cənub-Qərb, Şimal-Cənub, eləcə də, Şərq-Qərb dəhlizinin tərkib hissəsidir.

Ağbəndən üzərindən çəkilmiş yollar Qarabağ və Şərqi Zəngəzurda iki yeni istiqamət formalaşdırır. Bizdə olan ənənəvi yollarla yanaşı, yeni imkanlar yaradır. Belə ki, bir istiqamət Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu, digər istiqamət isə Ağbənddən Xudafərin-Laçın-Kəlbəcər- Murovdağ tuneli və Gəncə üzərindən Gürcüstan istiqamətinə getmək imkanı yaradır. Bununla yanaşı, Astaradan və Biləsuvardan olan ənənəvi yollarımız da var. Göründüyü kimi, Azərbaycan fərqli təkliflər verməklə daha qısa çıxışları təmin edib".

R.Ağamirzəyev qeyd edib ki, bu yollarla yanaşı, dəmiryolları ilə daşımalar da mümkündür.

"Hazırda Şimal-Cənub dəhlizindən 2028-ci ilə qədər 5 milyon ton yükün ötürülməsi üçün aktiv işlər görülür, Ələt-Osmalı-Astara dəmiryolu təkmilləşdirilir. Bundan başqa, Sumqayıt-Yalama dəmiryolunun yol örtüyü tamamlanır. Horadiz-Ağbənd dəmiryolu da tamamlanmaq üzrədir.

Naxçıvan ərazisində də dəmiryollarının bu ildən təmirə başlanması gözlənilir. İran ərazisindən Araz dəhlizi istiqamətində dəmiryolu seqmentində tikinti işləri nəzərdə tutulub. Rəşt-Astara dəmiryolunun tikilib istifadəyə veriməsi ilə də yeni fürsətlər yaranmış olacaq".

Politoloq Rüfət Hüseynli isə Trend-ə açıqlamasında bildirib ki, ​İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə müsbət inkişafa səbəb ola bilər.

"İki ölkə arasında ticarət və nəqliyyat sahələrində əməkdaşlığın artırılması mümkündür. Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələr bu əməkdaşlığın nümunəsidir. İki ölkə arasında ticarət əlaqələrinin artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı kimi məsələlər müzakirə edilə bilər. Bu sahələrdə əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərə bilər.

Pezeşkianın səfəri regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından da əhəmiyyətlidir. Azərbaycan və İran regional sabitliyin təmin edilməsi üçün birgə fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu səfər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və regional məsələlərə yanaşmanın koordinasiyası baxımından əhəmiyyətli bir addım ola bilər", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti