...

İran Azərbaycanın prinsipial mövqeyini qəbul etdiyini göstərdi - ŞƏRH

Siyasət Materials 21 May 2025 15:33 (UTC +04:00)
İran Azərbaycanın prinsipial mövqeyini qəbul etdiyini göstərdi - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər Tehranda edam olunub.

Mövzu ilə bağlı Trend-ə danışan politoloq Tural İsmayılov bildirib ki, İran-Azərbaycan münasibətləri müəyyən gərginliklərə baxmayaraq, Prezident Məsud Pezeşkianın 2025-ci ilin aprelində Azərbaycana səfəri və Tehrandakı səfirliyə hücumla bağlı məsul şəxsin cəzalandırılması kimi addımlarla normallaşma yolunda müsbət siqnallar nümayiş olunur:

“Pezeşkianın səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlər və birgə bəyanatlar iki ölkə arasında iqtisadi, ticari və regional əməkdaşlığın gücləndirilməsinə dair ümidverici perspektivlər açır. Bu səfər tərəflərin qarşılıqlı maraqlar əsasında əlaqələri inkişaf etdirmək istəyini vurğulayır. Gələcəkdə münasibətlərin trayektoriyası iqtisadi layihələr, regional təhlükəsizlik və diplomatik dialoqun dərinləşdirilməsi ilə formalaşa bilər.

İqtisadi əməkdaşlıq münasibətlərin inkişafında əsas rol oynaya bilər. Azərbaycanın Cənubi Qafqazda artan iqtisadi və geosiyasi çəkisi, xüsusilə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindəki rolu İran üçün cəlbedici fürsətlər yaradır. İki ölkə arasında enerji sektorunda, o cümlədən, Xəzər dənizi hövzəsində birgə layihələr və qaz təchizatı sahəsində əməkdaşlıq potensialı yüksəkdir. Məsələn, Azərbaycanın qaz ixracatı və İranın regional enerji bazarlarındakı ehtiyacları sinerji yarada bilər. Eyni zamanda, Zəngəzur dəhlizi kimi layihələrə İranın dəstəyi regional inteqrasiyanı sürətləndirə bilər, bu da hər iki ölkənin maraqlarına xidmət edər”.

Onun sözlərinə görə, diplomatik səviyyədə Pezeşkianın islahatçı imici və Prezident İlham Əliyevin praqmatik, güclü siyasəti qarşılıqlı etimadın qurulması üçün zəmin yaradır:

“Azərbaycanın ərazi bütövlüyünə hörmət və qarşılıqlı suverenlik prinsiplərinə sadiqlik əlaqələrin möhkəmlənməsinə təkan verə bilər. İranın Azərbaycanla mədəni və tarixi bağlılıqları, xüsusilə ortaq dini və mədəni dəyərlər xalqlar arasında dialoqu dərinləşdirmək üçün mühüm resursdur.

Regional təhlükəsizlik baxımından hər iki ölkə Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlıdır. Azərbaycanın Türkiyə və Rusiya ilə balanslaşdırılmış siyasəti İran üçün də regional tarazlıqda əməkdaşlıq imkanı yaradır. İki ölkə terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və qaçaqmalçılığa qarşı birgə tədbirlər kimi sahələrdə əməkdaşlığı genişləndirə bilər. Bununla yanaşı, İranın beynəlxalq izolyasiyadan çıxmaq istəyi Azərbaycanla yaxınlaşmanı zəruri edir, çünki Azərbaycan regionda etibarlı tərəfdaş kimi qəbul edilir.

Azərbaycanın regionda lider mövqeyi və İranın geosiyasi ambisiyaları arasında tarazlıq tapıldığı təqdirdə, münasibətlər daha dərin və davamlı əməkdaşlığa çevrilə bilər. Nəticədə, iqtisadi layihələr, mədəni dialoq və regional təhlükəsizlik sahəsində birgə addımlar iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın təməlini qoya bilər”.

Mövzu ilə bağlı Trend-ə danışan politoloq Turan Rzayev isə bildirib ki, Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edamı gecikmiş bir ədalətin təmin edilməsidir:

“Bu hadisə həm hüquqi, həm siyasi, həm də simvolik baxımdan son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə, Tehrandakı Azərbaycan Səfirliyinə qarşı törədilən silahlı hücum təkcə Azərbaycan üçün deyil, bütün dünya diplomatik missiyaları üçün ciddi təhlükə siqnalı idi. Bu hadisə tək bir diplomatik nümayəndəliyə qarşı hücum deyildi. Bu, beynəlxalq hüququn pozulması, dövlət suverenliyinə, Azərbaycan xalqının ləyaqətinə və təhlükəsizliyinə qarşı açıq təhdid idi.

İranda baş verən bu hadisədən sonra rəsmi Bakı dəfələrlə bəyan etdi ki, hücumu törədən şəxs ən sərt şəkildə cəzalandırılmalıdır və bu məsələ ört-basdır edilə bilməz. Bəzi dairələr, xüsusilə İranın daxili siyasi çevrələri bu hücumu şəxsi motivlərlə əlaqələndirməyə çalışsa da, Azərbaycan tərəfi aydın şəkildə bildirdi: bu birbaşa dövlətin məsuliyyəti altındakı diplomatik nümayəndəliyə qarşı terror aktıdır və hüquqi, siyasi nəticələri olmalıdır”.

T.Rzayev qeyd edib ki, terror hadisəsinin ertəsi günü Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması və diplomatların geri çağırılması barədə dərhal göstəriş verdi:

“Prezidentin həmin vaxt verdiyi bu qərar və sərt mövqeyi bir daha göstərdi ki, Azərbaycan dövləti harada və nə zaman olursa-olsun, öz vətəndaşının arxasındadır.

Cinayətkarın edamı ilə İran tərəfi, bir növ, Azərbaycanın prinsipial mövqeyini qəbul etdiyini göstərmiş oldu. Bu, həm də diplomatik arenada Azərbaycan dövlətinin çəkisinin və ciddiliyinin göstəricisidir. Azərbaycan dövlətinin bu hadisədə nümayiş etdirdiyi mövqe, Prezident İlham Əliyevin son illərdə apardığı milli suverenliyə, dövlət təhlükəsizliyinə və beynəlxalq hüquqa əsaslanan müstəqil xarici siyasət kursunun davamıdır.

İran prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən və onun Azərbaycana münasibətdə nümayiş etdirdiyi mülayim ritorikadan sonra iki ölkə arasında münasibətlərdə pozitiv dinamika müşahidə olunmağa başladı. Bu gün cinayətkarın cəzalandırılması həm də bu dinamikanın konkret nəticəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti