...

Faşistlik edən oliqarx kimə və nə üçün lazımdır - Fuad Axundovdan ŞƏRH

Siyasət Materials 26 May 2025 11:48 (UTC +04:00)
Faşistlik edən oliqarx kimə və nə üçün lazımdır - Fuad Axundovdan ŞƏRH
Fuad Axundov
Fuad Axundov
Bütün xəbərlər

Bakı. Trend:

2013-cü ilin oktyabr ayında Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Rusiya yığmaları arasında futbol matçı keçirilib. Mütəxəssislərə bu yaxşı bələddir ki, futbol – kifayət qədər aqressiv bir idman növüdür; meydanda yox, məhz tribunalarda aqressivdir.

Qarşı tərəfin qızğın azarkeşləri, pik həddə çatan emosiyalar, bir tərəfdə qələbə sevinci, digər tərəfdə məğlubiyyətin acısı – bu partlama təhlükəli bir “kokteyldir”. Üstəlik, fanatların davasını da buraya əlavə etsək, hər şey aydın olur. Elə buna görə də futbol matçları zamanı polis gücləndirilmiş rejimdə çalışır.

Oyun qonaqların xeyrinə 1:0 hesabı ilə başa çatdı və azarkeşlər tribunaları tərk etməyə başladılar. Hər şey sakit və kifayət qədər təmkinli şəkildə gedirdi. Birdən bir nəfər ayağa qalxaraq tribunada oturacağın üstünə çıxıb bütün Azərbaycana qarşı təhqiredici və qeyri-etik sözlər çığırdı və dərhal da izdihamın arasına girərək gizləndi. Dərhal qarşıdurma yaranır: qızğın azarkeşlərə bundan artığı lazım deyil. Vəziyyəti çətinliklə nəzarət altına almaq mümkün oldu.

Sonradan məlum oldu ki, həmin təxribatçının adı... “pravoslav oliqarx” Konstantin Malofeyev imiş. Elə həmin – “zavodların, qəzetlərin, gəmi şirkətlərinin sahibi”, eyni zamanda, “mini media imperiyası” olan “Tsargrad” kanalının sahibi. Məktəb dərslərini unutmayanlar, yəqin ki, xatırlayacaqlar: “Tsargrad” – bu, İstanbulun, daha dəqiq desək, Konstantinopolun uydurulmuş rus adı idi və əsasən, bu gün də həmin şəhərin Rusiyanın nəzarətinə keçməsini arzulayan dairələr tərəfindən istifadə olunur.

Xatırladaq ki, bu televiziya kanalı təkcə Azərbaycana qarşı deyil, həm də Rusiyadakı Azərbaycan diasporuna qarşı “qaydasız informasiya müharibəsi” aparır. Onun əsas nifrət obyektlərindən biri isə Moskvanın “Sadovod” və “Food City” bazarlarıdır. Səbəb? Orada “həddindən artıq çox miqrant” var – Malofeyev isə onları Rusiyanın bütün bəlalarının səbəbkarı hesab edir. Onun fikrincə, miqrantlar Rusiyada həddən çox hüquqlara sahibdir. Məsələn, onlar üçün dil imtahanı məktəblilərin vahid dövlət imtahanından daha asandır.

Aydın olan odur ki, cənab Malofeyev tikintidə çalışan insanın rus dili biliyinə ehtiyacının, paytaxt universitetinə sənəd verən abituriyentlə müqayisədə daha az olduğu barədə düşünməyib. O, hay-həşirlə qışqırırdı ki, “miqrantlar işləməyə gəlməlidirlər, doğmağa yox”. Görəsən, Malofeyev miqrantların doğum faizinə necə nəzarət etməyi düşünür? Ümumiyyətlə, təşkilatlanmış diasporların mövcudluğu onu isterik hala salır – onun fikrincə, bu diasporalar və “etnik anklavlar” nəzarətsiz “dövlət içində dövlət”dir və onları qadağan etmək lazımdır. Halbuki xarici ölkələrdəki “rus icmaları” onun üçün problem deyil – onlara olar. Amma Rusiyada olan azərbaycanlılara və ya taciklərə – artıq olmaz.

Hərçənd ədalət naminə qeyd edək ki, Malofeyev və onun dostlarının tənqid hədəfi təkcə miqrantlar deyil. “Tsargrad” kanalında “Cavablar” rubrikasının aparıcısı protoiyerey Andrey Tkaçyov bir dəfə belə bir ifadə işlətmişdi:

“Qadını dizinlə sındırmaq, buynuzlarını qırmaq, onu əymək, əzib-keçmək lazımdır... Onunla nə bilim nə etmək lazımdır... Yəni kişi qadını 100% sındırmalıdır”.

Və bütün bu absurdun üstündən “tortun albalısı” kimi gələn başqa bir hadisə də var: “Russagroprom” adlı şirkət – Malofeyevin sahibi olduğu “Marshal Group”a məxsus törəmə müəssisə – VTB bankından 225 milyon ABŞ dolları məbləğində kredit götürərək, doqquz süd zavodu aldı və dərhal da özünü müflis elan etdi. VTB zavodları satmağa cəhd etdi, lakin onların real bazar dəyərinin maksimum 40 milyon olduğu ortaya çıxdı.

Ümumilikdə isə Malofeyev “Marshal Group” vasitəsilə – təkcə müflis olan müəssisələrin borclarına əsasən hesablasaq – yarım milyarddan çox vəsaiti “fırlada” bilib. Amma ən maraqlısı odur ki, VTB bu “pravoslav oliqarxın” fırıldağını bağışladı. “Vətəndaş mövqeyinə görə”. Bəlkə, miqrantlara “doğmamağı” təklif etdiyinə görə. Ya da qadını “dizinlə sındırmağı” təbliğ etdiyinə görə.

Burada vurğulanmalı bir məsələ var: din – hər kəsin şəxsi işidir. İnsan inanclı da ola bilər, ateist də, “praktik” inanclı da, daha az sadiq də, müntəzəm olaraq kilsə və ya məscidə gedə bilər, getməyə də bilər. Amma istənilən vəziyyətdə dini ibadətin səviyyəsi və ya “kilsəyə bağlılıq” heç vaxt maliyyə fırıldaqları üçün bir növ indulgensiya ola bilməz.

Nəticədə nə alınır? Cənab Malofeyev, birincisi, açıq-aşkar faşistdir. “Rusiya yalnız ruslar üçündür” ideyasının tərəfdarıdır. İkincisi, o, dini fanatikdir. Üçüncüsü, təxribatçıdır. Və nəhayət, dördüncüsü – o, bir maliyyə fırıldaqçısıdır. Belə bir şəxsə hətta ofis tualetlərinin təmizliyinə nəzarət işi belə etibar edilməməlidir. Amma təəssüf ki, Rusiyada Malofeyev yüksək dairələrə girə bilir, müsahibələr verir, televiziya kanalına sahibdir – hansı ki, milli ədavət və siyasi təxribatları təşviq etdiyinə görə heç kim onu bağlamağa tələsmir...

Bu səbəbdən məsələ artıq təkcə cənab Malofeyevin məsuliyyəti deyil. Bu, Rusiyada bu cür şəxslərin nə edə biləcəyi və nə edə bilməyəcəyi ilə bağlı bir sualdır. “Pravoslav oliqarx-təxribatçı” ətrafında baş verənlər isə Rusiyanın cazibədar imicinə heç cür müsbət təsir göstərmir.

Müəllif: Fuad Axundov, politoloq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti