...

UKRAYNA DİPLOMATI: AZƏRBAYCAN MÜXALİFƏTİNİN MƏNDƏN İNCİMƏYİNƏ ƏSAS YOXDUR

Siyasət Materials 22 Avqust 2005 14:17 (UTC +04:00)

"Mən Azərbaycan müxalifətinin güclü və ya zəif olması barədə heç nə deməmişəm. Səfirlik sekiqabağı kampaniyaya müdaxilə edə və ya tərəflərdən birinə üstünlük verə bilməz".

Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima sonuncu mətbuat konfransında müxalifətin zəifliyi barədə bildirdiyi fikirdən "Azadlıq" bloku liderlərinin narazılığını şərh edərkən bəyan edib.

Diplomatın sözlərinə görə, "narıncı inqilabın ixracı" məsələsinə gəldikdə, o, belə təkliflərin əsassızlığını izah etməyə çalışıb. "Lakin bu arqumentlərdən ayrı-ayrı frazalar götürərək təsdiq şəklində sual qoysaq, o zaman ayrı məna alınacaq", - deyə o qeyd edib.

"Demokratik ölkə olan Ukrayna cəmiyyətdə demokratik islahatlar prosesini hər zaman dəstəkləyəcək. Buna görə də biz müxalifət liderləri ilə arada heç bir narazılığın olmasını istəmirik və onların Ukrayna səfirliyindən inciməyə əsaslarının olmadığına ümid edirik. Son illər müxalifət partiyalarının fəaliyyətinin güclənməsi, onların beynəlxalq təşkilatlar və xarici ölkələrin müxalifət partiyaları ilə əlaqələrinin genişlənməsi nəzərə çarpır", - deyə İ.Kizima bildirib.

"Ukrayna səfirliyi Azərbaycan cəmiyyətinin demokratikləşmə prosesinin təbii gedişini dəstəkləyəcək, bu prosesdə müxalifət partiyalarının rolunu yüksək qiymətləndirəcək.

Müxalifətin nüfuzu və fəallığına qarşıdakı parlament seçkiləri qiymət verəcək", - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna və səfirlik bu seçkilərdə müşahidəçilər missiyasında geniş təmsil olunacaq. Müvəqqəti müvəkkil parlament seçkilərinin açıq, azad və demokratik keçəcəyinə və müxalifət partiyalarının artan reytinqini təsdiq edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti