...

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINA QANUNVERİCİ İŞ PLANI TƏSDİQ OLUNUB

Siyasət Materials 27 Avqust 2005 12:35 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin (MM) sentyabrın 1-də öz işinə başlayacaq payız sessiyasında parlamentarilərin müzakirəsinə, ilk növbədə, AR prezidenti tərəfindən qanunverici təşəbbüslər olaraq təqdim edilmiş sənədlər daxil olunub. Trend agentliyi bildirir ki, bu barədə MM aparatının rəhbəri Səfa Mirzəyev bəyan edib.

Bunların arasında əsas sənəd "Azərbaycan Respublikasının 2006-cı il Dövlət büdcəsinin təsdiqi haqqında" qanun layihəsidir. Həmçinin ötən sessiyalarda müzakirələri başa çatdırılmamış "Məlumat alınması haqqında", "İnzibati icraat haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Dövlət qulluqçularının etik davranış məcəlləsi haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında" və digər qanun layihələrinin müzakirəsi və təsdiqi planlaşdırılır.

Aparatın rəhbəri müşavirə iştirakçılarının nəzərinə çatdırıb ki, MM-də payız sessiyasında həmçinin Azərbaycan Respublikasının qanunlarına və bir sıra beynəlxalq müqavilələrə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri təqdim ediləcək.

Parlamentin qanunverici işinin planına artıq Milli məclisin payız sessiyasına həsr olunmuş müşavirədə baxılıb.

Xəbər lenti

Xəbər lenti