...

AZƏRBAYCAN PREZİDENTİ "İPOTEKA KREDİTLƏRİ SİSTEMİNİN YARADILMASI HAQQINDA" FƏRMAN İMZALAYIB

Siyasət Materials 16 Sentyabr 2005 21:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da "İpoteka kreditləri sisteminin yaradılması haqqında" fərman imzalayıb. Trend bildirir ki, fərman əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizminin yaradılması, alıcılıq qabiliyyətinin real tələbə uyğunlaşdırılmasının təmin edilməsi, eləcə də yerli və xarici investorların ipoteka kreditləşməsinə cəlb edilməsi məqsədilə hazırlanıb.

Dövlət başçısının fərmanına əsasən, Azərbaycan Milli Bankının tərkibində İpoteka Fondu yaradılır.

Milli Banka tapşırılıb ki, bir ay ərzində "İpoteka fondu haqqında Əsasnamə" layihəsini, eləcə də "İpoteka Fondundan kreditlərin verilməsi qaydaları haqqında" layihəni hazırlayıb təsdiq olunmaq üçün prezidentə təqdim etsin.

İpoteka Fondu vəsaitlərinin həcminin davamlı olaraq artırılması məqsədilə ipoteka istiqrazları təsisatının yaradılması üzrə təkliflər hazırlansın.

Tapşırılır ki, ipoteka kreditlərinin verilməsində iştirak edəcək agent bankların siyahısının meyarları müəyyən edilsin.

Əhalinin müxtəlif sosial təbəqələri nümayəndələrinin, o cümlədən gənc ailə üzvlərinin ipoteka kreditləri ilə təmin edilməsi üzrə təkliflər hazırlansın AR maliyyə nazirliyinə tapşırılıb ki, 2006-cı il və növbəti illər üçün büdcə layihəsində İpoteka Fonduna vəsaitin ayrılması nəzərdə tutulsun, eləcə də ipoteka kreditləşməsi sisteminin inkişafına dəstək məqsədilə sığorta sisteminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər görülsün. Nazirlər Kabinetinə tapşırılıb ki, İpoteka Fondunun inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirsin.

Xəbər lenti

Xəbər lenti