"Azadlıq" blokunun sentyabrın 25-də qeyri-qanuni olaraq 28 may meydanına toplaşmaq cəhdi dövlət və dövlətçiliyə qarşı çıxmaq deməkdir". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib.
YAP səlahiyyətlisi onu da qeyd edib ki, dəfələrlə radikal müxalifət seçkiöncəsi Azərbaycanda qarşıdurma yaratmağa cəhd göstərib: "Azərbaycanda demokratiyanı sivil qaydalara uyğun qurmağı planlaşdıran müxalifət başa düşməlidir ki, sivil ölkələrdə seçkiöncəsi siyasi qüvvələr seçkilərə hazırlaşır, daha onlar kimi dağıdıcı mitinqlər düzənləmək fikrində olmurlar".
M.Qurbanlı onu da bildirib ki, mitinq keçirmək üçün "Azadlıq" blokuna "Qələbə" meydanı ayrılıb. Həftədə neçə dəfə istəsələr, gedib həmin ünvanda mitinq keçirə bilərlər. Təhlükəsizlikləri də dövlət tərəfindən qorunub: "Başqa ünvanı seçməklə nə istədikləri məlumdur. Ancaq dövlət buna yol verə bilməz. Məgər "28 may" meydanı "Qələbə"dən genişdir? Əsla. Deməli, müxalifət paytaxtın mərkəzində iğtişaşlar törətməkdə maraqlıdır".
M.Qurbanlı "Azadlıq"ı belə dağıdıcı mövqedən çəkindirmək məqsədilə dövlətin onlara hər an güzəşt etdiyini də vurğulayıb: "İqtidar seçkilərin depmokratikliyini, şəffaflığını təmin etmək üçün qüvvəsini səfərbər edib. Müxalifətə də fəaliyyətini bu istiqamətə yönəltməyi məsləhət görüb. Ancaq müxalifət başqa yol seçməklə seçkilərin şəffaflığını pozmağa cəhd edəcəksə, bu ona nəsib olmayacaq".