...

RƏSUL QULİYEV: "AZƏRBAYCANDA HAKİMİYYƏTİN ZORAKILIQLA DEVRİLMƏSİNİN ƏLEYHİNƏYƏM"

Siyasət Materials 28 Sentyabr 2005 16:30 (UTC +04:00)

"Mən Azərbaycanda zorakılıq yolu ilə hakimiyyətin devrilməsinin əleyhinəyəm". Trend in məlumatına görə, bu fikirləri hazırda mühacirətdə olan Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Rəsul Quliyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib. O, qeyd edib ki, güc, zorakılıq yolu ilə hakimiyyətin devrilməsi sonradan ənənəyə çevrilə bilər.

R.Quliyev isə bunu istəmir: "Mən ömrüm boyu zorakılığın və zorakılıq yolu ilə hakimiyyətə gəlməyin əleyhinə olmuşam. Ona görə də biz yalnız xalqın iradəsi ilə demokratik seçki keçirilməsinə nail olmalıyıq. Azərbaycana hazırda beynəlxalq aləmin diqqəti hədsiz dərəcədədir. Seçkilərin nəticəsi saxtalaşdırılarsa, Azərbaycan demokratik dünya ictimaiyyətindən təcrid oluna bilər"-deyə R.Quliyev vurğulayıb.

ADP lideri müxalifətlə hakimiyyət arasında dialoqun olmasını, problemləri sivil yolla həll edilməsinin tərəfdarı olduğunu da dilə gitrib. O, sentyabrın 25-də keçirilən aksiya zamanı və ondan sonra "Azadlıq" bloku təmsilçilərinin hakimiyyət nümayəndələri ilə danışıqlara getməsi ilə bağlı fikirlərini bölüşərkən deyib ki, müxalifətin bu hərəkəti onların dinc şəraitdə mübarizə aparmaq və demokratik seçki keçirilməsi istəyini göstərir. İqtidarla müxalifət arasında sentyabrın 29-da davam etdiriləcək danışıqlarla bağlı isə bildirib ki, həmin görüş mütləq müxalifətin tələb etdiyi meydanlardan birində aksiya keçirilməsinə razılıq verilməsi ilə nəticələnməlidir. R.Quliyev "başqa variant ola bilməz" deyib.

ADP liderinin fikrincə, əgər parlament seçkiləri tam demokratik keçirilərsə, müxalifət 80-85 deputat mandatı qazana bilər. Bu isə artıq ölkədə demokratik və siyasi islahatların başlanğıcı olacaq. Özünün xaricə yaşadığı halda Azərbaycanda seçkidə iştirak etməsi ilə bağlı fikirlərini bildirən R.Quliyev deyib ki, onun əsas maəqsədi sırf millət vəkili seçilmək deyil, ölkədə demokratiyanın bərqərar olmasına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti