Martın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Rumıniyanın milli müdafiə naziri Teodor Atanasiu Bakıda keçirilən görüş zamanı hərbi əməkdaşlıq sahəsində birgə sazişlər imzalayıblar. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
T.Atanasiunun başçılıq etdiyi nümaynədə heyətini qəbul edən Səfər Əbiyev söyləyib ki, Prezident İlham Əliyevin 2004-cü ilin oktyabr ayında Rumıniyaya rəsmi səfəri Azərbaycan-Rumıniya əlaqələrinin daha da dərinləşməsinə təkan verib.
"Biz Rumıniya ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əməkdaşlığa bö yük əhəmiyyət veririk" - deyə nazir qeyd edib.
S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. "Əgər danışıqlar yolu bir nəticə verməsə, Azərbaycan digər imkanlarından istifadə edəcək" - deyə S.Əbiyev söyləyib.
Teodor Atanasiu isə öz növbəsində qeyd edib ki, bu səfər iki dövlət arasında əməkdaşlığın daha dərinləşməsinə xidmət edəcək. O, qeyd edib ki, Qara dəniz və Xəzər dənizi hövzəsi regionlarında sülhün və sabitliyin təmin olunması Rumıniya üçün əsas məsələlərdən biridir.
Görüşün sonunda nazirlər tərəfindən "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasnıda hərbi-texniki əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rumıniya Milli Müdafiə Nazirliyi arasında mübadilə edilən məxfi hərbi məlumatın mühafizəsi haqqında Saziş" və "15 fevral 2000-ci il tarixdə Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rumıniya Milli Müdafiə Nazirliyi arasında hərbi təhsil sahəsində əməkdaşlıq haqqında Protokola düzəlişlər edilməsi barədə Əlavə Protokol" imzalanıb.