Erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım və təcavüz siyasətinin iki yüz ilə yaxın tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq və həmin ərazilərdə erməni ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaqdır. Trend bildirir ki, bu barədə prezident İlham Əliyevin 31 mart - Azərbaycanlıların soyqırım günü münasibətilə Azərbaycan xalqına müraciətində deyilir.
Müraciətdə həmçinin qeyd olunur ki, Azərbaycan xalqının tarixi kobud şəkildə saxtalaşdırılıb, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və "ideoloqları"nın təcavüzünə məruz qalıb.
Onlar siyasi və hətta terrorçu təşkilatlar quraraq erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər ediblər. XX əsrin əvvəllərindən tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura İrandan və Osmanlı imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtar vilayət statusu təmin edilməsi, 1948-53-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.
"1988-ci ildə davakar erməni millətçiləri xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağın güclə Ermənistana birləşdirilməsi məqsədini güdən açıq fəaliyyətə keçərək az sonra hərbi əməliyyatlara başlayıb. Münaqişə nəticəsində Dağlıq Qarabağ və ona bitişik Azərbaycan rayonları işğal olunub. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, on minlərlə insan həlak olub"-deyə prezidentin müraciətində qeyd olunur.
Erməni şovinist millətçilərinin Azərbaycan xalqına qarşı təcavüzü bu gün də davam edir. Bu, erməni millətçilərinin törətdiyi cinayətlərin tam siyahısı deyil. Ermənistanın və onun havadarlarının təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir.
"Biz Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, qarşılıqlı məqbul variantlar əsasında həllinin tərəfdarıyıq. Bizim başlıca tələbimiz budur ki, Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilsin. Təcavüz siyasəti Ermənistanı bütün regional layihlərdən uzaqlaşdırır. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırım siyasəti yürüdənlərin beynəlxalq ictimaiyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq"- deyə müraciətdə bildirilir.