...

Gültəkin Hacıyeva: Korrupsiya ilə mübarizə Azərbaycanın AŞ və xalq qarşısında götürdüyü əsas öhdəlikdir

Siyasət Materials 11 Aprel 2006 12:18 (UTC +04:00)

Korrupsiya ilə mübarizə Azərbaycan hökumətinin təkcə AŞ qarşısında deyil, həm də xalq qarşısında götürdüyü əsas öhdəlik olub və belə də qalmaqdadır. Trend in Strasburqdakı müxbirinin xəbər verdiyi kimi, bu barədə aprelin 10-da AŞPA-nın iclasında Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva "AŞ-yə üzv ölkələrdə yoxsulluq və korrupsiya ilə mübarizə"yə dair məruzənin layihəsi üzrə çıxışında bildirib.

"Hələ 2-3 il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49% təşkil edirdi. Şübhəsiz ki, bu, böyük rəqəm idi. Ancaq bu qədər yüksək göstəricinin əmələ gəlmə səbəblərini anlamaq lazımdır. Birinci amil SSRİ-nin dağılmasından sonra yeni iqtisadi əlaqələrin qurulması, ikinci amil isə Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasından ibarətdir", - deyə G.Hacıyeva qeyd edib.

Onun sözlərinə görə, hər il Azərbaycanın dövlət büdcəsinin təxminən 16%-i sayı 1 mln-u keçmiş qaçqın və məcburi köçkünlərin sosial tələbatlarının ödənilməsinə yönəldirilir.

"Korrupsiya və yoxsulluq üzvi surətdə bir-biri ilə əlaqəlidir. Hər iki aspekt zəif inkişaf etmiş cəmiyyətin səciyyəvi əlamətləridir. Ancaq bu əlamətləri inkişaf etmiş cəmiyyətdə də aşkar etmək mümkündür", -deyə o bildirib.

G.Hacıyeva məmnunluqla qeyd edib ki, son 2-3 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 29%-dək azalıb ki, bu da uğurlu iqtisadi islahatlarla bağlıdır. "Azərbaycan dünyada ən yüksək ÜDM göstəricisinə (adambaşına 21%) malikdir. Biz hamımız daha təhlükəsiz dünyada yaşamaq istəyirik", - deyə parlamentari sonda bildirib.

Xəbər lenti

Xəbər lenti